Azərbaycan idmançıları beynəlxalq festivalda

azerbaycan-idmancilari-beynelxalq-festivalda-
Oxunma sayı: 648

Festivalın təşkilatçıları Dağıstan Respublikasının turizm üzrə agentliyi və Bədən Tərbiyəsi və İdman Nazirliyidir. Festivalı bilavasitə Dağıstan Respublikasının Dağçılıq Federasiyası və İdman Turizmi Federasiyası həyata keçirir.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, festival iyul ayının 3-də Respublikanın Dokuzparinski rayonunda Yarıdağ, Şalbuzdağ, Bazardüzü dağ massivlərində start götürüb və iyulun 13-dək davam edəcək. Festivalda Azərbaycandan, Ukraynadan, Rusiyadan və Dağıstan Respublikasının ali məktəblərindən-Dağıstan Dövlət Texniki Universitetindən və Pedaqoji Universitetdən tələbələr də iştirak edəcək.

Yarışın dağçılıq üzrə proqramına daxildir: təsnifat yarışı (1B-dən 6A-ya kimi çıxış), trekkinq marşrutları, turizm, raftinq, qayayadırmanma, skayraninq və digər açıq fəaliyyət növləri.

Yarış təşkilatçılarının əsas məqsəd və vəzifələri idmançılarda şəxsi və ictimai təhlükəsizlik məsələsinə qarşı münasibətdə məsuliyyət, ekstremal vəziyyətlərdə praktiki bacarıq və sağlam həyat tərzi üçün fövqəladə hallarda idarəetmə bacarıqları formalaşdırmaqdır. Eyni zamanda, yarış Dağıstan dağlarında sağlam istirahətin, turizmin və dağçılığın inkişafını təmin etmək məqsədi ilə idmançılar arasında sağlam həyat tərzinin təbliği və tanıdılması, dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, Dağıstan Respublikasının Kuruş vilayətində təşkil olunmuş festivalda ölkəmizi Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına üzv olan klubların idmançıları təmsil edəcək. Ölkəmizi təmsil edəcək komanda heyətində “Ekosport”, “Qərb Universiteti”, “Climber” və “AMEAST” klublarının üzvləri olan Babək İsgəndərov, Zaur Zülfüqarov, Nicat Hacızadə, Elman Əsgərov, Fidan Məmmədova kimi təcrübəli idmançılar var.

Xatırladaq ki, komandamız qayayadırmanma və dağçılıq idman növü üzrə Azərbaycanı təmsil edəcək.