“Azərbaycan ilə Çexiya dost və tərəfdaş ölkələrdir” - Oqtay Əsədov

azerbaycan-ile-cexiya-dost-ve-terefdas-olkelerdir
Oxunma sayı: 1139

Azərbaycan ilə Çexiya dost və tərəfdaş ölkələrdir, münasibətlərimiz qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf edir.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Seulda Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində iştirak edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Çexiya Parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşdə deyib.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin və aparılan danışıqların münasibətlərimizin daha da dərinləşməsinə xidmət etdiyini bildirən Milli Məclisin sədri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda da uğurlu əməkdaşlığını sevindirici hal kimi qiymətləndirib. O.Əsədov ölkələrimizin parlamentləri arasında mövcud olan yaxşı əməkdaşlığın ikitərəfli əlaqələrə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. O, iqtisadi sahədə münasibətlərimizin daha da genişlənməsi üçün hər iki tərəfin böyük potensialı olduğunu bildirib, hökumətlərarası komissiyanın iclaslarının, biznes-forumların bu əməkdaşlığın inkişafındakı rolunu yüksək qiymətləndirib.

Azərbaycan parlamentinin sədri ilə növbəti dəfə görüşməkdən məmnunluğunu bildirən Yan Hamaçek deyib ki, həm qarşılıqlı səfərlər zamanı, həm də beynəlxalq tədbirlər çərçivəsində keçirdiyimiz mütəmadi səmərəli görüşlər ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafına, habelə parlamentlərarası əlaqələrin dərinləşməsinə müsbət təsir göstərir.

Çexiyanın Azərbaycana böyük maraq göstərdiyini bildirən Y.Hamaçek münasibətlərimizin bundan sonra da davamlı inkişafına əminliyini ifadə edib, iki ölkə arasında əlaqələrin dərinləşməsinə daim səy göstərəcəyini bildirib.