“Azərbaycan-İran sərhədində heç bir problem yoxdur” - DSX rəisi

azerbaycan-iran-serhedinde-hec-bir-problem-yoxdur
Oxunma sayı: 1699

Bu gün Tehranda  İran və Azərbaycanın sərhəd komandanlarının 10-cu iclası keçirilib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, iclasda sərhəd məsələləri üzrə əməkdaşlıq müzakirə edilib.
 
İran Sərhəd Qoşunlarının komandanı Qasim Rezayi deyib ki, iki ölkənin sərhədlərindən  qeyri-qanunu keçid baş vermir.  “İki ölkənin sərhədçilərinin  koordinasiyalı fəaliyyəti və aidiyyatı qurumların  birgə əməkdaşlığı  nəticəsində  iki ölkənin sərhədində qaçaqmalçılıq baş vermir.  İki ölkənin sərhədçilərinin əməkdaşlığı nümunə göstəriləcək səviyyədədir”.
 
İran və Azərbaycanın çox qədim tarixi bağlara və müştərək  mədəniyyətə sahib olduğunu qeyd edən Q. Rezayi ötən 10 il ərzində iki ölkə sərhədçilərinin Astara, Parsabad, Naxçıvan kimi sərhəd şəhərlərində 10 iclas keçirdiyini nəzərə çatdırıb. Cari ilin noyabr ayında  iki ölkənin sərhədçilərinin əməkdaşlığı nəticəsində  Ərbəin ziyarətinə gedən təqribən 8 min nəfər üçün gediş-gəliş çox rahat təşkil olunub.  İran Sərhəd Qoşunlarının komandanı  tacirlər və turistlərin gediş-gəliş üçün yaxşı şərait yaradıldığını vurğulayıb: "Hazırda sərhəd keçid məntəqələrinin 24 saat iş rejiminə keçməsi ilə bağlı  müzakirələr davam etdirilir. Gələn ay  iki ölkə arasında müqavilə imzalanacaq.  Astara sərhəd keçid məntəqəsində iki ölkənin sərhədçilərinin iclası keçiriləcək və  dəmir yolu ilə qatarların gediş-gəlişinin təşkili,  sərhəddən sərnişin və yüklərin daşınması ilə bağlı koordinasiya müzakirə olunacaq. Bizim Azərbaycanla müştərək sərhəddə heç bir problemimiz yoxdur.”
 
Q.Rezayi ötən il iki ölkənin sərhəd komandanlarının Bakıda keçirdiyi iclasda  bir sıra razılaşmalar əldə olunduğunu xatırladıb:  “Həmin sənədlərin bir qismi icra olunub. Bu günkü iclasda qalan sənədlərin icrasının, o cümlədən iki ölkənin sərhədçiləri arasında  müxtəlif idman növləri üzrə yarışların,  iki ölkənin sərhəd komandir müavinlərinin məlumat mübadiləsi ilə bağlı  müştərək görüşünün təşkilinin zəruriliyi vurğulandı”.
 
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bildirib ki, iki ölkə arasında əlaqələr və sərhədlərdə təhlükəsizliyin təmini yüksək səviyyədədir: “İki ölkənin sərhədləri dostluq və qardaşlıq  sərhədləridir və Azərbaycan-İran sərhədində heç bir problem yoxdur. Görüşlərin nəticəsi olaraq gediş-gəlişdə rahatlıq təmin olunub.  Bu sahədə statistika mövcuddur.  2017-ci ilin ötən 11 ayı ərzində 2016-cı ilin eyni dövrü ilə müqayisədə sərnişinlərin  və tranzit gediş gəlişin həcmi 30 faiz artıb. Bu artım iki ölkənin qarşılıqlı  əməkdaşlığı nəticəsində baş tutub. Bu müddət ərzində ötən illə müqayisədə sərnişinlərin şikayətlərinin də sayı azalıb. İran İslam Respublikasından  Azərbaycana səfər edən turistlərin sayı, eləcədə  Azərbaycandan İrana gedən sərnişinlərin sayı artmaq üzrədir. Gediş-gəlişin çoxalması iki ölkə arasında dostluq əlaqələrinin olmasının göstəricisidir. İran Sərhəd Qoşunlarının komandanı dostum və qardaşım  Rezayiyə qonaqpərvərliyə görə təşəkkür edirəm. İki ölkənin sərhədçilərinin əlaqələri  digər ölkələr üçün nümunədir”.