Azərbaycan İslam Partiyası bəyanat verdi

azerbaycan-islam-partiyasi-beyanat-verdi
Oxunma sayı: 1151


“Qafqazinfo” xəbər verir ki,  İslaminsesi xəbər portalına AİP funksioneri  Akif Heydərli Səudiyyə Ərəbistanı kralının Misirdə həyata keçirilən  dövlət çevrilişini dəstəkləməsi ilə bağlı mövqeyinə  bəyanatla  münasibət bildirib. O deyib:

 “Səudiyyə kralının  mövqeyi hər şeydən öncə, İslam əxlaqına, ədalətinə sığmayan bir  xarakterik cəhətdir.  Bu cür münasibəti yalnız şeytan əməlinin bəhrəsi  kimi  qiymətləndirmək olar. Mən bu jesti Qərbin və sionizmin, başda ABŞ olmaqla  İslam dinini  terror və zorakılıqla  bağlaması cəhdinə  kralın “böyük töhfəsi” hesab edirəm. Müqəddəs torpağın mərkəzində duranların məqsəd  və niyyətlərinin  belə münasibətlərdə-insanların zorakılıq və qəddarlıqla  məhv edilməsini, azadlığın bütün nişanələri və əlamətlərinin-azad seçkinin, xalqın hakimiyyətinin əlindən zorla alınmasını dəstəkləməsi və dünyanı  bu ədalətsizliyə hər növ yardım göstərməyə çağırması dinimizə deyil, məhz onun düşmənlərinə xidmət etmələrini bir daha sübut edir. Bir daha əmin olmaq olar ki, bu  insanlarda İslam dinindən əsər-əlamət qalmamışdır.

    Bu gün Türkiyə Baş Nazirinin dedikləri ilə razılaşmamaq olmaz. Məkkəyə  nəzarət Səudiyyə Ərəbistanının himayəsindən alınmalı və bütün dünya müsəlmanlarının, haqq və ədalət sahiblərinin nəzarətinə verilməlidir.

 Azərbaycan İslam Partiyası  Səudiyyə kralının İslama qarşı bu  zidd mövqeyini təsadüf  kimi qəbul etmir. Biz bu mövqeyi  rejimin məntiqi  nəticəsi kimi qiymətləndirir, və bütün dünya haqsevər müsəlmanlarını  müqəddəs  ziyarətgahlara sahib çıxmağa, Allahın yaratdığı insanlıq, ədalət və qiyamət  simvollarını  qorumağa çağırırıq.

  Biz Misirdə baş verənləri  İslam düşmənlərinin  müsəlman torpaqlarında  növbəti və həm də daha irimiqyaslı  fitnə-fasadı hesab edirik. Strateji maraqların, İslam oyanışı hərəkatının yayılmasından və  müsəlmanların vəhdətindən  qorxuya düşməyin nəticə olan bu  zorakılıq hər gün  insanlıq faciəsi ilə bitdiyi üçün Misir xalqı baş verənlərə daha ayıq nəzərlə yanaşmalı, düşmənin niyyətinin həyata keçməsinə yol verməməlidir.

  Biz sionizmə dünyahərislik naminə satılmış məlun və münafiqlərə isə birdəfəlik  yox demək vaxtının çatdığını bir daha bəyan edirik.  Bu yolda  Böyük Yaradan köməyimiz olsun!”