Azərbaycan İsveçrəyə 1,2 milyard dollar investisiya yatırıb

Azərbaycan İsveçrəyə 1,2 milyard dollar investisiya yatırıb
Oxunma sayı: 1121

Bakı Biznes Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N. Şnayder-Ammannın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf etdiyini vurğulayıb.

Ş.Mustafayev diqqətə çatdırıb ki, hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir:

“Azərbaycan bankçılıq və maliyyə sahəsində SECO (İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi) və SDC (Əməkdaşlıq və İnkişaf Agentliyi) ilə geniş əməkdaşlıq həyata keçirir. Belə ki, SECO ilə 38 layihə, SDC ilə isə 16 layihə icra olunur. İsveçrə isə Azərbaycana 730 milyon dollara yaxın, Azərbaycan tərəfindən İsveçrəyə 1,2 mlrd. dollar investisiya yatırıb. SOCAR İsveçrədə uğurla fəaliyyət göstərir.

2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 240 mln. dollar təşkil edib ki, bu da 40%-dən çox artım deməkdir. Bu il də artım tendensiyasi davam edir və bu ilin yanvar-may aylarında ticarət dövriyyəsi 80%-dən çox artıb”.

Azərbaycanın geniş nəqliyyat infrastrukturu və tranzit potensialı barədə məlumat verən nazir Şahin Mustafayev qeyd edib ki, İsveçrə şirkətləri Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana, eləcə də Ələtdə yaradılacaq Xüsusi İqtisadi Zonada fəaliyyət göstərə bilərlər.

Yohan Şnayder-Ammann da öz növbəsində Azərbaycan iqtisadiyyatının inkişafından məmnunluğunu və ölkəmizin iqtisadiyyatına investisiya yatırmaqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Daha sonra nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkına səfər edib, burada görülən işlərlə və investorlar üçün yaradılmış əlverişli şəraitlə, SKSP-da inşa olunan İsveçrə investisiyalı tikinti qatqılarının istehsalı zavodu ilə tanış olub.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi