“Azərbaycan İtaliyanı arxada qoyub” - - Nazir

azerbaycan-italiyani-arxada-qoyub-
Oxunma sayı: 2665


“Qafqazinfo” xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov yap.org.az satına müsahibəsində deyib. Ə. Abbasov bildirib ki, ölkə əhalisinin 98%-nin yaşadığı ərazilər rəqəmli televiziya ilə əhatə olunub və Azərbaycan indi rəqəmsal efirə keçməyə tam hazırdır: “Respublikada internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır, ən yeni 3G,  4G  xidmətləri təqdim edilir və nəticədə hazırda hər 100 nəfərə 110 mobil abunəçi düşür. İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. 

Bunun təzahürüdür ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014” (“The Global Information Technology Report 2014”) adlı illik hesabatda ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib.

Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqronu (52), eləcə də qonşu ölkələrdən Türkiyə (51), Gürcüstan (60) və İranı (104) qabaqlamışdır. Həmçinin, Azərbaycan dünya nəhənglərindən Çin (62), Braziliya (69) və Meksikanı (79) da arxada qoyub”.

Ə. Abbasov deyib ki, Azərbaycan hökuməti tərəfindən ölkədə informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi diqqət mərkəzində saxlanılır: “Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, dövlət orqanlarının informasiya resursları və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə ümummilli hazırlığın və maarifləndirmənin yüksəldilməsi məqsədilə ölkədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi və Elektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir”.