“Azərbaycan kimi tolerant ölkə görməmişəm” - - Səfir

azerbaycan-kimi-tolerant-olke-gormemisem-
Oxunma sayı: 1836



- Cənab səfir, Azərbaycan-İsrail münasibətləri son illərdə uğurla inkişaf edir. Ölkələrimizin əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanın İsrail ilə əlaqələri yüksək səviyyədədir. Azərbaycan sürətli inkişafı ilə dünyanın diqqətini özünə cəlb edir. Ölkənizdə diplomatik fəaliyyətdə olduğum müddətdə bu inkişafın şahidiyəm. Dünyada böhranın hökm sürdüyü şəraitdə Azərbaycan iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Azərbaycan öz siyasi və iqtisadi sistemini müasir dünyanın norma və standartlarına uğurla uyğunlaşdırır. Qloballaşmanın regional inteqrasiyaya təsiri, elektron idarəetmə, demokratiya, yüksək innovativ texnologiyaların tətbiqi və başqa proseslərdə Azərbaycan vahid strateji yanaşma nümayiş etdirir. Mən ölkələrimiz arasında əlaqələrin gələcəkdə yeni istiqamətlər üzrə daha da genişlənəcəyinə inanıram. Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Prezidenti Şimon Peres və Baş nazir Benyamin Netanyahu ilə Davosda keçirilən İqtisadi Forum çərçivəsində görüşü əlaqələrimizin yüksək səviyyədə olmasına bariz nümunədir. 

- Regionda həyata keçirilən irimiqyaslı layihələr barədə nə deyə bilərsiniz? 
- Mən əvvəlcə Azərbaycanı “Trans-Adriatik Pipeline” (TAP) boru kəməri layihəsi münasibətilə təbrik edirəm. “Cənub” qaz dəhlizi olduqca əhəmiyyətli layihədir. Azərbaycan, eyni zamanda, İsraili neftlə təmin edir. Hazırda İsraildə bir neçə neft və qaz yataqları tapılmışdır. Bu, bizim üçün yeni sahədir və İsrail Azərbaycanın enerji ehtiyatlarının hasilatı sahəsindəki təcrübəsini öyrənməkdə maraqlıdır. İqtisadi münasibətlər, siyasi əməkdaşlıqla paralel olaraq daha da genişlənir. Azərbaycanın İsraildə yüksək nüfuzu vardır

- Azərbaycan tolerant ölkədir. Ölkəmizdə bir çox xalqların nümayəndələri, həmçinin 30 mindən çox yəhudi əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanın tolerantlıq modeli barədə fikirlərinizi bilmək maraqlı olardı... 
- Mən bir çox ölkələrdə diplomatik səfərlərdə oluram. Mən hələ Azərbaycan kimi tolerant ölkə görməmişəm. Azərbaycan bu sahədə dünya ölkələrinə uğurlu bir modeldir. Azərbaycanda təkcə yəhudilər deyil, digər xalqların nümayəndələri də min illərdir ki, dinc şəraitdə yaşayır, işləyirlər. Bu Azərbaycanın mədəni zənginliyi, ən böyük sərvətidir. İsraildə də Azərbaycan icması vardır. Yəhudi icması hər zaman Azərbaycanda özünü təhlükəsiz hiss etmişdir və burada qürurla yaşamaqdadır. Bir daha demək istəyirəm ki, Azərbaycan yəhudi icmasına münasibətə görə digər dünya ölkələrinə yaxşı nümunədir.
 
- Azərbaycan Ermənistan ilə müharibə şəraitindədir. Münaqişə artıq 20 ildən artıqdır ki, davam edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bilmək istərdik.
- Bu, bir həqiqətdir ki, minlərlə insan münaqişədən əziyyət çəkir. Yaxın zamanlarda iki qaçqın düşərgəsini ziyarət etmişəm. Bu məni çox təsirləndirdi. Azərbaycanlıların necə güclü və ürəkli olduqlarını gördüm. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmalıdır. Biz, eyni zamanda, ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Ümid edirəm ki, ATƏT-in Minsk qrupu və problemin həlli istiqamətində danışıqlara cəlb olunan digər qurumlar uğurlu nəticəyə nail olacaqlar. Əsas məqsəd regionda sülh və sabitliyin təmin olunmasıdır.