Azərbaycan MDB-də təyyarələrdə rabitə xidmətləri təqdim edən ilk ölkə olacaq

azerbaycan-mdb-de-teyyarelerde-rabite-xidmetleri-teqdim-eden-ilk-olke-olacaq-
Oxunma sayı: 654

Bu hava nəqliyyatında mobil rabitə sistemlərinin dünya üzrə yeganə provayderi olan “OnAir” ilə eksklüziv sazişin nəticəsidir. “Qafqazinfo”nun məlumatına görə, pilot layihə ilk dəfə Bakıda keçirilən “BakuTel-2011” sərgisində təqdim edilib. 2012-ci ildə onun kommersiya baxımından işə salınmasından sonra, AZAL sərnişinləri NarMobile şəbəkəsi vasitəsilə bütün mobil və internet xidmətlərdən uçuş zamanı istifadə edə biləcəklər. Buraya səs və SMS xidmətləri, verilənlərin ötürülməsi və internetə giriş daxil olacaq. Bunun nəticəsində də, təyyarə sərnişinləri uçuş zamanı həmkarları, dostları və ailələri ilə eynilə yerdə olduğu kimi ünsiyyətdə ola biləcəklər.
“Təkcə Azərbaycanın yox, həm də bütün MDB regionunun telekommunikasiya sektorunun tarixində ilk dəfə olaraq, biz müştərilərimizi hətta havada belə rabitədə qalmaq kimi unikal bir imkanla təmin edəcəyik” - deyə “Azerfon”un Baş İcraçı Direktoru Yurgen Pitz bildirib.
““AZAL” milli hava şirkəti, öz təyyarələrində mobil rabitə xidmətlərinin təşkil olunması layihəsini elan etmək imkanı qazandığına görə olduqca məmnundur. Bu təkcə Azərbaycanda deyil, bütün regionda istər telekommunikasiya, istərsə də aviasiya sahəsində sözügedən qəbildən olan ilk yenilikdir. Təkcə “AZAL“ın sərnişinləri təyyarədə mobil telefonlardan və internetdən istifadə etmək imkanı əldə edəcəklər. Bu yeni texnologiya tamamilə təhlükəsizdir və müvafiq tənzimləyici qurumlar tərəfindən sertifikatlaşdırılıb” – deyə Azərbaycan Hava Yolları SC-nin prezidenti Cahangir Əsgərov bildirib.
“Azerfon” və “AZAL” texniki sınaqları başa çatdıran kimi, “Nar Mobile” və “Azerfon-Vodafon” müştəriləri bu xidmətlərdən istifadə edə biləcəklər. 3G standartlı internet qoşulma da daxil olmaqla, mobil rabitə xidmətləri, havaya qalxma və yerə enmə anları istisna olunmaqla, uçuşun bütün müddəti ərzində giriş imkanına malik olacaq. Bu cür xidmətlər üçün, rouminqə görə ödəniş haqqı tutulacaq.

Nigar Məmmədli