Azərbaycan məhsulları Almaniyada

azerbaycan-mehsullari-almaniyada
Oxunma sayı: 1114

Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbovun başçılığı ilə nümayəndə heyəti 2018-ci ilin 18-20 yanvar tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində təşkil olunmuş kənd təsərrüfatı, bağçılıq və ərzaq sahələrində dünyanın ən nüfuzlu beynəlxalq sərgilərindən olan “Beynəlxalq Yaşıl Həftə”  sərgisində və Kənd Təsərrüfatı Nazirlərinin 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumunda iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, nazir müavini ənənəvi olaraq hər il keçirilən sərgidə Azərbaycanın milli stendinin açılışını edərək şirkətlərin nümayiş etdirdiyi məhsullarla yaxından tanış olub. Milli stenddə ölkəmizin 14 şirkətinin məhsulları nümayiş etdirilib. Bundan əlavə səfər çərçivəsində  Azərbaycan nümayəndə heyəti ilə Almaniyanın Kənd Təsərrüfatı üzrə Leibniz İnstitutunun və  BMT-nin Ərzaq və Kənd təsərrüfatı Təşkilatının rəsmiləri arasında  görüşlər keçirilib və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.   

S. Talıbov 20 Yanvar 2018-ci il tarixində Berlin şəhərində “Beynəlxalq Yaşıl Həftə Sərgisi” çərçivəsində keçirilən  “Nazirlərin 10-cu Konfransı”nda iştirak edib və konfrans zamanı təşkil olunan plenar müzakirələrdə məruzə ilə çıxış edərək ölkəmizdə aqrar sahəyə göstərilən dövlət dəstəyi, əldə olunan nailiyyətlər, həmçinin kənd təsərrüfatı məhsullarının ixrac potensialı barədə ətraflı məlumat verib.