Azərbaycan millisinə tərif yağdırdı

azerbaycan-millisine-terif-yagdirdi
Oxunma sayı: 643

- Artıq 2012-ci ilin son günlərini yaşayırıq. Qarşıdan gələn 2013-cü ildən futbolla bağlı nə gözləyirsiniz?
- Ümid edirəm ki, 2013-cü il Rusiya futboluna yeni uğurlar gətirəcək. Əsas diqqətçəkən məqamlar Rusiya milli komandasının 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində, eləcə də gənclərdən ibarət yığmamızın İsraildə keçiriləcək Avropa çempionatında - yeri gəlmişkən, kifayət qədər güclü və çətin qrupda - çıxışları olacaq. Qadınlardan ibarət komandalar arasında İsveçdə təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış millimizə azarkeşlik edəcəyik. 2013-cü ildə Rusiyanın müxtəlif divizion və birinciliklərində mövsüm yekunlaşacaq. İyunun 1-də bizi Rusiya kubokunun final oyunu gözləyir. Eləcə də, klublarımızın avrokubokların 2013/2014-cü il mövsümündə uğurlu çıxışına ümid edirik. Gələn il futbol infrastrukturunun inkişafı, yeni akademiyaların və gənc futbolçuların, məşqçilərin, hakimlərin, həmçinin digər futbol mütəxəssislərinin təlimi üçün regional mərkəzlərin açılması məqsədilə Rusiyanın bölgələrində daha intensiv fəaliyyət göstərməyi planlaşdırırıq. Rusiya futbolunun strateji inkişaf planlarının uğurla həyata keçirilməsini gözləyirik.

- Azərbaycan və Rusiya milli komandaları DÇ-2014-ün seçmə mərhələsində eyni qrupda yer alıb və bu komandalar arasında artıq bir oyun keçirilib. Azərbaycan millisi barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Azərbaycan millisi böyük potensialı olan perspektivli komandadır. Bu mülahizəmi DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bir müddət əvvəl "Lujniki" stadionunda keçirilmiş Rusiya - Azərbaycan oyunu da doğrultdu. Berti Foqts kimi təcrübəli məşqçinin uzunmüddətli rəhbərliyi ilə Azərbaycan millisi son illər nəzərəçarpan uğurlar qazanır və istənilən komadanın hesablaşmağa məcbur olduğu ciddi rəqibə çevrilir. Azərbaycan millisinin uğurlarının səbəbi ölkənizdə futbolun inkişafı məqsədilə həyata keçirilən ciddi layihələrdir. Şübhə yoxdur ki, onların gerçəkləşdirilməsi gələcəkdəki uğurlara böyük töhfə verəcək.

- DÇ-2014-ün seçmə mərhələsinin F qrupunda keçirilmiş oyunların nəticələrini necə qiymətləndirirsiniz?
- Futbolda tez-tez rast gəlindiyi kimi, bəzi nəticələr gözlənilməz oldu. Axı bu, oyundur. Qarşıdan gələn 2013-cü ildə sizə uğurlar və böyük idman nailiyyətləri arzulayıram!