Azərbaycan naziri ispan mətbuatında nələr danışdı?

azerbaycan-naziri-ispan-metbuatinda-neler-danisdi-
Oxunma sayı: 646

Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Məmmədyarovun bu səfəri Azərbaycan müstəqilliyinin bərpa olunmasından bu yana iki ölkə arasında həyata keçirilən ilk rəsmi səfərdir. Nazir bu gün İspaniyanın Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici ticarət üzrə dövlət katibi Alfredo Bonet ilə görüşüb. Görüşdə həmçinin Azərbaycanın İspaniyadakı səfiri A.Əfəndiyev, qeyd olunan nazirliyin qurumu olan İxrac Kreditlərinin Sığortalanması üzrə İspaniya Şirkətinin baş Menecerinin müavini, İspaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr Departamentinin direktorunun müavini, İspaniyanın ən böyük şirkətlərindən biri olan “Tecnicas Reunidas” şirkətinin prezidenti, icraçı vitse-prezidenti, baş katibi və digər yüksək səviyyəli rəsmiləri iştirak edib.

Görüş əsnasında Məmmədyarov ilə Bonet ölkələr arasında olan əlaqələrin cari vəziyyəti, onların inkişaf etdirilməsi və yeni mərhələyə çıxarılması perspektivləri, bunun üçün mövcud olan potensial, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın incəlikləri və Azərbaycanda İspaniya Səfirliyinin açılması vacibliyi barədə fikir mübadiləsi aparılıb

Latın Amerikasında sərmayələrin yatırılması üzrə ABŞ-dan sonra İspaniyanın ikinci yerdə olduğunu, eyni zamanda beynəlxalq bazarlara çıxmaq prosesinin gecikdirdiklərini bildirən dövlət katibi A.Bonet, Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlarını, bu sahədə ispan şirkətlərinin fəal olmasının vacibliyini qeyd edib.

Məmmədyarov iki ölkə arasında biznes forumunun təşkil olunması vacibliyini, həmin forumun məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətini, bu tədbirə önəm verilməsi üçün İspaniyanın yüksək vəzifəli rəsmisinin forum iştirakçıları ilə ölkəmizə səfər etməsinin vacibliyini xüsusi vurğulayaraq, həmin səfər zamanı iki ölkə arasında iqtisadi sahədə müvafiq hüquqi sənədlərin imzalanması mümkünlüyünü bildirib.

Tədbirin keçirilməsinin vacibliyini birmənalı dəstəkləyən İxrac Kreditlərinin Sığortalanması üzrə İspaniya Şirkətinin baş menecerinin müavini, İspaniya XİN-in və “Tecnicas Reunidas” şirkətinin nümayəndələri bu məqsədlə Azərbaycana səfər etməyə hazır olduqlarını söyləyiblər.

Nərgiz Ehlamqızı