Azərbaycan növbəti uğura imza atıb

azerbaycan-novbeti-ugura-imza-atib
Oxunma sayı: 1578

“Bu ilin noyabrın 26-da dekabrın 1-dək Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında ölkəmizi təmsil edən nümayəndə heyəti də iştirak edib. Xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin qatıldığı sessiyada Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının Baş katibi Elnur Sultanov, ölkəmizin UNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərov iştirak ediblər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Milli Kitabxanada Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının nəticələrinə həsr edilmiş mətbuat konfransında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov deyib.

Azərbaycanın cari ilin iyun ayında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Baş Assambleyasında Komitənin növbəti dörd ili üçün üzvü seçildiyini bildirən İ. Hümbətov qeyd edib ki, ölkəmiz 2010-2014-cü illərdə də Komitənin üzvü olub.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının UNESKO üzrə Milli Komissiyasının Baş katibi Elnur Sultanov Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının nəticələri barədə məlumat verib. Söyləyib ki, Hökumətlərarası Komitənin 13-cü sessiyasınında ölkəmiz üçün daha bir uğurlu hadisə - Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi olub. Bu tarixi hadisənin Azərbaycanın bir daha dünyada artan nüfuzunun göstəricisi olduğuna diqqət çəkən E.Sultanov vurğulayıb ki, ölkəmizin UNESCO ilə sıx əməkdaşlığın genişləndirilməsi və mədəni irsimizin qorunması və dünya miqyasında təbliği Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz əməyinin nəticəsidir.

Diplomat xüsusi qeyd edib ki, sessiya zamanı UNESKO Katibliyi və Qvatemala tərəfi çıxış edərək, Qeyri-maddi mədəni irsin qorunması istiqamətində “Etimad Fondu” vasitəsilə Azərbaycanın göstərdiyi yardıma görə öz təşəkkürlərini bildiriblər. “Etimad Fondu” 2013-cü il iyulun 18-də imzalanmış “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” əsasında yaradılıb.

V.Eyvəzzadə diqqətə çatdırıb ki, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, həmçinin xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyini ifadə edir.

Sonra iştirakçılar “Azərbaycanın qeyr-maddi mədəni irsi UNESCO-da” adlı kitab sərgisi ilə tanış olublar.