Azərbaycan nümayəndə heyəti Həştərxanda - Foto

azerbaycan-numayende-heyeti-hesterxanda
Oxunma sayı: 1208

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində səfərdədir. Səfər çərçivəsində bir sıra görüşlər və tədbirlər baş tutub.

“Qafqazinfo” xəbər verir ki, ilk öncə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Mixail Zabelin və digər rəsmilərin daxil olduğu nümayəndə heyəti, diaspora nümayəndələri, AMOR-un Həştərxan bölməsinin üzvləri Ümummilli Lider Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində onun adını daşıyan parkda ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar.

Daha sonra Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinin yeni seçilmiş qubernatoru İqor Babuşkinin andiçmə mərasimində iştirak edib.

Azərbaycan nümayəndə heyəti həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə rekonstruksiya olunmuş, Heydər Əliyev adına 11 saylı məktəbdə şagirdlərlə görüşüb. Görüşdə şagirdlərə yeni tədris ilində uğurlar arzulanıb və ənənəvi olaraq məktəbə hədiyyələr təqdim olunub.

Sonra Azərbaycan nümayəndə heyəti 2018-ci ildə istifadəyə verilmiş Azərbaycan İş Mərkəzində olub, orada işləyən müxtəlif şirkətlərin fəaliyyətləri ilə tanış olaraq Mərkəzə baxış keçiriblər. Qeyd edək ki, İş Mərkəzində konfrans zalları, işgüzar görüş otaqları, sərgi zalı, mehmanxana və restoran fəaliyyət göstərir.