Azərbaycan nümayəndəsi Makedoniya məhkəmələrində monitorinq keçirən qrupa rəhbərlik edib - Fotolar

azerbaycan-numayendesi-makedoniya-mehkemelerinde-monitorinq-keciren-qrupa-rehberlik-edib
Oxunma sayı: 2937

Avropa Şurasının üzv dövləti olan Makedoniya Respublikasının məhkəmə və ədliyyə sahəsində statistik məlumatlarının toplanılması və təhlili işinin öyrənilməsi üçün cari ilin sentyabr ayının 19-20-i tarixlərində Skopye şəhərinə qiymətləndirmə səfəri təşkil olunub.

“Qafqazinfo”ya Avropa Şurasının (AŞ) mətbuat xidmətindən verilən məlumata görə, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Fransa, Sloveniya və Xorvatiya ekspertlərindən ibarət olan qiymətləndirmə qrupuna həmin komissiyanın Vitse-prezidenti, azərbaycanlı hakim Ramin Qurbanov rəhbərlik edib.

Səfər zamanı Makedoniyanın Ədliyyə Naziri professor Renata Deskoska ilə rəsmi görüş keçirilmiş, məhkəmə sistemi və ədliyyə sahəsində aparılan islahatlar barədə məlumatları dinlənilib.

Makedoniyanın Ədliyyə Naziri Renata Deskoska və CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov

            Eyni zamanda, Makedoniyanın bir sıra dövlət qurumlarının rəhbərləri ilə - Məhkəmə Şurasının sədri Zoran Karadzovski, Ali Məhkəmənin sədri Jovo Vangelovski və Baş Prokuror Lyupco Jovevski ilə həmin qurumların fəaliyyəti, o cümlədən məhkəmə statistikasının toplanılması, ümumiləşdirilməsi, təhlili metodologiyası, habelə qiymətləndirmə meyarları və göstəriciləri müzakirə olunub.

Məhkəmə Şurasının sədri Zoran Karadzovski və CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov

Ali Məhkəmənin sədri Jovo Vangelovski CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov

Baş Prokuror Lyupco Jovevski və CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov

Makedoniya dövləti tərəfindən yaradılmış sistemlərlə yerində tanış olmaq üçün qiymətləndirmə qrupu tərəfindən apellyasiya məhkəməsi, mülki və cinayət işləri üzrə şəhər məhkəmələrinə səfərlər edilib.

Həmçinin Makedoniya Hakimlərinin Assosiasiyasının sədri Dzemail Saiti və Hakimlər və Prokurorlar Akademiyasının rektoru Aneta Arnaudovska ilə ikitərəfli işgüzar görüşlər keçirilib. 

 

Hakimlərinin Assosiasiyasının sədri Dzemail Saiti CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov

  

Prokurorlar Akademiyasının rektoru Aneta Arnaudovska və CEPEJ-in Vitse-prezidenti Ramin Qurbanov

Maraqlı və qürürverici haldır ki, Avropa Şurası tərəfindən Makedoniyaya həyata keçirilmiş bu monitorinq səfərinə həmyerlimiz hakim Ramin Qurbanov rəhbərlik edib.

            Məlumat üçün bildirilir ki, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Avropa Şurasının ədliyyə, məhkəmə, prokurorluq və vəkillik sahəsində ixtisaslaşmış nüfuzlu qurumudur. CEPEJ Avropa Şurasının digər qurumları - Venesiya Komissiyası, Avropa Hakimlərin Məşvərətçi Şurası, Avropa Prokurorların Məşvərətçi Şurası ilə əlaqəli fəaliyyət göstərir və Avropa məkanında 47 üzv dövlətin məhkəmə sisteminin Avropa Şurasının standartlarına və İnsan Haqları Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırılmasını təmin edir.