Azərbaycan Ordusunun 10 ildə itirdikləri...- - Statistika

azerbaycan-ordusunun-10-ilde-itirdikleri-
Oxunma sayı: 2189


2003-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 728 hərbi qulluqçusunu itirib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 10 il ərzində apardığı hesabatda qeyd edib. Hesabatda bildirilir ki, hərbi qulluqçuların 186 nəfəri döyüş (158 nəfəri erməni gülləsi, 28 nəfər mina və sursat partlayışı), 542 nəfəri isə qeyri-döyüş (8 nəfər əməliyyat tədbirləri, 106 nəfər intihar, 100 nəfər qəza, 135 nəfər qeyri-nizamnamə hərəkətləri, 88 nəfər bədbəxt hadisələr, 33 nəfər müəmmalı və naməlum hadisələr, 71 nəfər müxtəlif xəstəliklər və s.) itkiləridir. Ümumilikdə, 2003-2013-cü illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 670 nəfərdən çoxdur.

2003-2013-cü illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda dünyasını dəyişənlərin təxminən 647 nəfəri Müdafiə Nazirliyinin , 37 nəfəri Dövlət Sərhəd Xidmətinin, 30 nəfəri Daxili Qoşunların, 2 nəfəri Ədliyyə Nazirliyinin, 5 nəfəri Milli Təhlükəsizlik Nazirliyinin, 3 nəfəri Xüsusi Dövlət Mühafizə Xidmətinin, 2 nəfəri Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularıdır, 2-si isə Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralanan və ya xəsarət alan hərbi qulluqçuların təxminən 592 nəfəri Müdafiə Nazirliyinin, 35 nəfər Dövlət Sərhəd Xidmətinin, 29 nəfəri Daxili Qoşunların, 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin, 3 nəfəri Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin, 2 nəfəri Xüsusi Dövlət Mühafizə Xidmətinin, 2 nəfər Hərbi Prokurorluğun, 3 nəfərsə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularıdır. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

İtkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində aparılan monitorinq nəticəsində ortaya çıxıb. Təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3700 nəfərdən artıqdır.

2013-cü ildə isə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 81 nəfər təşkil edib. 99 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 11-i döyüş (11 nəfər erməni gülləsi), 70-i isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 14 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 3 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 14 nəfər xəstəlikdən dünyasını dəyişib. 16 nəfər intihar edib (intiharların içərisində DSX-nın bir əsgərinin ölüm səbəbləri ilə bağlı rəsmi və qeyri-rəsmi informasiyalar arasında ziddiyyətlər var). Dünyasını dəyişənlərin 61-i Müdafiə Nazirliyinin, 6-ı Dövlət Sərhəd Xidmətinin, 10-u Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (99 nəfər) onların 18-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 6-sı mülki şəxslərlə davadan, 10-u erməni gülləsindən, 3 nəfər mina partlayışından, 1-i naməlum səbəbdən, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 49-u isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 70 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 8 nəfər Dövlət Sərhəd Xidmətinin, 20 nəfər Daxili Qoşunların, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.