Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri müzakirə edilib

azerbaycan-ozbekistan-iqtisadi-elaqeleri-muzakire-edilib
Oxunma sayı: 654

4-5 fevral tarixlərində Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdə olub.

Iqtisadiyyat nazirliyinin mətbuat  xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, nümayəndə heyətində iqtisadiyyat və kənd təsərrüfatı nazirləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəhbər şəxsləri və sahibkarlar təmsil olunub.

Səfər çərçivəsində hər iki ölkənin rəsmilərinin və sahibkarların iştirakı ilə Dəyirmi Masa keçirilib, Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətləri müzakirə edilib. İqtisadiyyat naziri Şahin Mustafayev iqtisadi-ticarət əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, turizm, mədəniyyət, İKT, innovasiyalar və digər sahələrdə əlaqələrin inkişafı perspektivlərini diqqətə çatdırıb. Bildirilib ki, ölkələrimiz arasında birgə tədbirlər, biznes forumlar, sərgilər təşkil edilir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və s. sahələrdə Özbəkistan kapitallı 30-a yaxın şirkət fəaliyyət göstərir. 2018-ci ildə ticarət dövriyyəsi 46,5% artıb. 

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, son 15 ildə ümumi daxili məhsul 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, ticarət dövriyyəsi 3,5 dəfə, qeyri-neft ixracı 4,2 dəfə artıb, ölkə iqtisadiyyatına 250 milyard ABŞ dolları investisiya qoyulub. Qazanılan uğurlar, ölkəmizdəki əlverişli biznes və investisiya mühiti beynəlxalq reytinq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib. İqtisadiyyat naziri Özbəkistanlı iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarında və məhəllələrində birgə müəssisələrin təşkilinə dəvət edib.

Özbəkistanın Baş nazirinin müavini Elyor Qəniyev ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfərinin, aparılan müzakirələrin Azərbaycan-Özbəkistan iqtisadi-ticarət əlaqələrinin İqtisadiyyat Nazirliyi genişləndirilməsində əhəmiyyətli olacağını qeyd edib, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Dəyirmi Masada Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov, Özbəkistanın Kənd Təsərrüfatı naziri Jamşid Xocayev, İnvestisiya və Xarici Ticarət naziri Sardor Umurzakov çıxış edərək iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, kənd təsərrüfatı sahəsində təcrübə, bu sahədə tətbiq olunan qabaqcıl texnologiyalar və yeniliklər, pambıqçılıq, ipəkçilik və digər sahələrdə təcrübə mübadiləsinə və əməkdaşlığa dair fikirlərini bildiriblər. Tədbirdə Özbəkistanlı investorların ölkəmizdəki aqroparklara cəlb olunması, ticarət əlaqələrinin genişləndirilməsi və s. məsələlər müzakirə edilib.

Özbəkistana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Bakan Tex” tekstil fabriki, “Artel” elektrik məişət texnikası, “Uzbekipaksanoat” ipək, “Uzaqrotexsanoatholdinq” kənd təsərrüfatı texnikası istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olub.