Azərbaycan Prokurorluğu Assosiasiyanın Fəxri Sertifikatı ilə təltif edilib

azerbaycan-prokurorlugu-assosiasiyanin-fexri-sertifikati-ile-teltif-edilib
Oxunma sayı: 3356

Sentyabrın 7-dən 14-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasın İcraiyyə Komitəsinin 46-cı iclası, 23-cü illik konfransı və ümumi yığıncağı keçirilib.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, “Prokurorların müstəqilliyi - cəmiyyətdə ədalət mühakiməsinin təməlidir” mövzusunda keçirilmiş konfransda 90 ölkədən 450-dən artıq şəxsin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.

Tədbirdə ölkəmizi Baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun sessiyasında rəhbərlik edən K.Əliyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə fəaliyyətinin dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini qeyd edib. K.Əliyev Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin gələcək inkişaf perspektivləri, mühüm və mürəkkəb məsələlərin həllində üzv ölkələrin rolu ilə bağlı konkret təkliflər irəli sürüb və müzakirələr nəticəsində həmin təkliflər qəbul edilib. Sentyabrın 12-də konfransın Ümumi Yığıncağı keçirilib.

Tədbirdə K.Əliyev qurumun vitse-prezidenti vəzifəsinə seçilib. Həmçinin, Azərbaycan Prokurorluğu xüsusi mükafatla - Assosiasiyanın Fəxri Sertifikatı ilə təltif edilib. BPA-nın növbəti İllik Konfransının 2019-cu ilin sentyabrında Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilməsi qərara alınıb. Tədbirdə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Müvəqqəti işlər vəkili cənab Azad Nağıyev iştirak edib.