“Azərbaycan: Qərblə Şərq Arasında Körpü”- Təqdimat

azerbaycan-qerble-serq-arasinda-korpu-teqdimat
Oxunma sayı: 654

Azərbaycanın NATO yanında nümayəndəliyindən “Qafqazinfo”ya veilən məlumata görə, səfir Brüsseldə yerləşən Amerika Klubunun dəvəti ilə Klubun üzvləri üçün “Azərbaycan: Qərblə Şərq Arasında Körpü” mövzusunda təqdimat verib.

Qeyd edək ki, Brüssel Amerika Klubu 1921-ci ildə bir qrup Amerika biznesmenləri tərəfindən təsis edilib. Əvvəllər Brüsseldə yaşayan amerikalılar arasında sosial və biznes əlaqələri inkişaf etdirmək məqsədilə yaradılıb. Hazırda isə bu Klub eyni maraqlara xidmət edən digər dövlətlərin vətəndaşları üçün də açıqdır və 20-dən çox dövlətin vətəndaşlarını özündə birləşdirir. Klub ayrı-ayrı vəzifəli məmurları (o cümlədən ildə bir dəfə ABŞ-ın Belçikadakı Səfiri ilə) dəvət edərək naharlar, müxtəlif ictimai-mədəni səfərlər və bayram tədbirləri ilə üzvləri arasında əlaqələndirməni təşviq edir.

Səfir X.İbrahimin dəvət olunduğu tədbirdə klubun İdarə Heyətinin üzvləri, o cümlədən ABŞ, Almaniya, Belçika, İrlandiya, Kanada, Litva və s. dövlətlərdən olan 38 nəfər iştirak edib.

Təqdimat zamanı səfir X.İbrahim iştirakçılara Azərbaycanın tarixi, geostateji mövqeyi, xarici siyasəti, karbohidrogen resursları, enerji təhlükəsizliyi, Ermənistan-Azərbaycan münaqişəsi və onun regional inkişafa mənfi təsirləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq, nəqliyyat və tranzit məqsədləri üçün ölkəmizin əhəmiyyətli rolu kimi istiqamətlər üzrə məlumat verib. Qonaqlar ölkəmizin daxili və xarici siyasətinə, o cümlədən qonşu dövlətlərlə əlaqələr, neft gəlirlərinin bölgüsü, turizm potensialının gücləndirilməsi imkanlarına dair suallar veriblər.

Sonda iştirakçılara ölkəmiz barədə maarifləndirmənin təşviqinə xidmət edəcək materialları əhatə edən hədiyyələr verilib.