Azərbaycan qızıl və gümüş satışından nə qədər qazanıb? - Rəqəmlər

Azərbaycan qızıl və gümüş satışından nə qədər qazanıb?
Oxunma sayı: 2480

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında hesabatla çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, o, 2017-ci ilin aprel-dekabr ayları ərzində 60,3 min unsiya qızıl, 86,4 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 131,5 milyon manat gəlir əldə edildiyini bildirib.

Z.İbrahimovun sözlərinə görə, 2018-ci ilin birinci yarısında 20,7 min unsiya qızıl, 28,2 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 47,9 milyon manat, ümumilikdə isə 81,1 min unsiya qızılın, 114,6 min unsiya gümüşün satışı nəticəsində 178 milyon manatdan çox gəlir əldə edilib.

“AzerGold”un sədri vurğulayıb ki, Çovdar yatağında icra edilən və 2021-ci ildə başa çatacaq yerüstü filiz qatının istismarı dövründə ümumilikdə hasil ediləcək daha 129 min unsiya qızılın və 202 min unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına 300 milyon manata yaxın məbləğdə gəlirin olması planlaşdırılır.

Bundan başqa, Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır:

“Hesabatın cari ilin sonuna hazır olması və növbəti addım kimi metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması, sosial və ətraf mühitə təsirin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması təşkil ediləcəkdir. Filizçay yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə 3 milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması gözlənilir. Həmçinin, Balakən rayonu ərazisində yerləşən Mazımçay yatağında ehtiyatların təsdiqi məqsədi ilə buruq-qazma işləri aparılır”.

Z.İbrahimov sonda bildirib ki, ölkəmizdə Yerin təkində olan metalların ümumi dəyəri ilkin hesablamalara əsasən 150 milyard manatdan artıq təşkil edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi