Azərbaycan sərhədini pozan Suriya vətəndaşı saxlanıldı - Fotolar

azerbaycan-serhedini-pozan-suriya-vetendasi-saxlanildi
Oxunma sayı: 1624

Azərbaycan dövlət sərhədini pozan Suriya vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, martın 7-də Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İran İslam Respublikası ərazisindən Azərbaycan istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.

Təxirə salınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd pozucusu Astara-Ərçivan magistral yolunda yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılıb, 1990-cı il təvəllüdlü Suriya vətəndaşı Tahir Əli Əbdülsalam oğlu olması müəyyənləşdirilib.

Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Belarusun xəritələri, 1 ədəd dini kitab, 578 ABŞ dolları, 1300 avro, 170 000 İİR rialı aşkar olunub.

Fakt üzrə Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.