“Azərbaycan” sözünə görə 10 uşaq doğan qəhrəman ana...

azerbaycan-sozune-gore-10-usaq-dogan-qehreman-ana
Oxunma sayı: 7703

Nərmin Dadaşova

Salam, oxucu dost. Ümid edirəm  yaxşısan. Əlifbanı yenicə öyrənmiş uşaq həyəcanı, ilk məktubunu yazan yeniyetmə naşılığı ilə yazıram bu yazını sizə. Aylar oldu görüşməyəli, sizdən nigaran idim. Başınıza gələnlərdən, qəzalardan, məmurlarla olan çatışmalarınızdan, işığınızdan-qazınızdan, həkimlərlə əlləş-vuruşunuzdan xəbərsiz qaldım. Əllərim, ayaqlarım, huşum-başım üzüldü yerdən-göydən bu iki ayda.

Çox çətin günlər keçirdim, oxucu dost. Mübarizə apardım (bəzən apara bilmədim) günlərlə üzü qoyulu yatdım, ətrafımdakı hər şeydən, hər kəsdən incindim, canım ağrıdı, yorğun düşdüm, məyus oldum... Amma günlərin bir-günü, buza dönmüş əlimdə isti bir əlin hərarətini hiss etdim. Yapışdığım kimi qalxdım ayağa, çırpdım üst-başımın tozunu, məyusluğumu qoparıb atdım canımdan, ağrıyan yerlərimi sarıdıq bərabər...

Keçirmiş, oxucu dost. Günəş yenidən doğurmuş, qaranlıq gecələrdən sonrakı o möhtəşəm sabah mütləq gəlirmiş. Nəfəs almaq, yaşamaq, arzulamaq, xəyal qurmaq, sevgi ilə gülümsəmək, ayaqda durmaq, yenidən sizinlə həmsöhbət olmaq, sizin üçün yazmaq- bir bilsəz necə gözəldir.

Sonuncu dəfə iyulun ilk günündə həmsöhbət olmuşdum sizinlə. Milli sevgililər günü haqqında yazmışdım. Yazmışdım  ki, bizim milli sevgimiz təhlükəlidir, “əl vurma öldürər” xəbərdarlığıdır, məişətdir, bol-bol uşaqdır, qayınana, gəlin, baldız- üçlüyüdür. Sonda da “yüksək doz”da sevgi diləmişdim hamımıza, ancaq öldürməyənindən.

Aylar sonra saytları açıb xəbər lentlərini geri-geri itdim. İtgi gördüm ötürdüm, qəza gördüm ötürdüm, “xərçəng” gördüm ötürdüm. “”Azərbaycan” sözünə görə 14 ildə 10 uşaq dünyaya gətirdi” başlığının üstündən keçə bilmədim amma. On uşaqmı? On... On uşaq. Təsəvür edirsiz? Gözümün qabağında evin altını üstünə çevirən, sevinə-gülə o baş-bu başa qaçan, oynayan qızlarım, üstəgəl daha səkkiz uşaq gəldi. Gözəldir. Uşaqların nəfəs alıb verdikləri hər yer olduqca gözəldir. Amma nəfəs alıb vermək bəs edirmi yaşamaq üçün? Mən etmədiyini gödüm, həftələr öncə.  Dünyaya gətirmək kifayətdirmi? Bəs sonra?  On uşaqlı ailənin başçısı olmaq, məktəbə on uşaq göndərəmək deməkdir. On çanta, onlarla dəftər, iş dəftərləri, testlər, on müəllimlər günü hədiyyəsi, on süpürgə pulu, on fond pulu, on məktəbli forması və s. və iləxr. On uşaqlı ailənin anası olmaq- hər gün 12 nəfərlik yemək bişirmək, onca qab yumaq, paltar yumaq, dərs oxutmaq, oyun onamaq, hərəsi ilə tək-tək məşğul olmaq- dünyanın ən güclü qadını olmaq məcburiyyəti demək- olduğunu düşündüm.

Vaxt itirmədən reportajı izlədim, oxucu dost. Valideynlər  Azərbaycan sözündə on hərf olduğu üçün uşaqların sayını ona çatdırdıqlarını deyəndə  üzümə xəfifi bir gülümsəmə qondu. “Tanrı bir balaca üzünüzə gülmüş olsaydı Çində doğulub 3 uşaqla daha rahat həyat sürərdiniz” dedim ürəyimdə.

Dünyaya övlad gətirmək hər bir ailənin, cütlüyün verəcəyi özəl qərardır. Yəni uşaqların sayı valideynlərin istəyi əsasında müəyyənləşdirilməlidir. Amma bu istəyin kortəbii şəkildə olması, planlaşdırılmadan “Allahın verdiyi pay” prinsipi ilə müəyyənləşdirilməsi gələcəyimiz üçün bir SOS siqnalı ola bilər düşüncəsindəyəm. Çünki, insan yetişdirmək, cəmiyyətə fərd təqdim etmək artıq təkcə valideyni maraqlandıracaq mövzu deyil. Həm də cəmiyyət qarşısında məsuliyyət almaqdır. Bizim bu gün yetişdirə bilmədiyimiz, doğruları öyrədə bilmədiyimiz, ürəyinə mərhəmət, vicdan toxumu səpə bilmədiyimiz, yaxşı təhsil verə bilmədiyimiz indi çox məsum görünən körpələr sabah ciddi təhlükəyə çevrilə bilərlər.

“Uşağın ruzisi özü ilə gəlir” deyib aldatmayın özünüzü, əzizmənlər. Aydın məsələdir ki, o körpə aclıqdan ölməyəcək. Ancaq bir tikə yeməklə, bir dəst paltarla da olmur o işlər. Gəlin daha gözəl gələcək üçün yaxşı nəsil yetişdirək. Keçmişimiz üçün edəcək bir şey yox, amma gələcək evlərimizdədir...