“Azərbaycan sülhməramlıları NATO hərbçiləri çiyin-çiyinə xidmət edirlər” - İlham Əliyev

azerbaycan-sulhmeramlilari-nato-herbcileri-ciyin-ciyine-xidmet-edirler
Oxunma sayı: 1488

“Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək”.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Şimali Atlantika Şurasının görüşündə çıxışı zamanı bildirib.

Prezident qeyd edib ki, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır:

“2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb.

Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib. Biz Azərbaycanda Əfqanıstan Ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edirik. Özündə 200-dən çox ictimai xidməti birləşdirən “ASAN xidmət” Əfqanıstanda tətbiq olunur”.

İlham Əliyev bildirib ki, Azərbaycan Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir və ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib:

“Ötən il Azərbaycan “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə həmsədrlik, keçən ay isə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi edib.

Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır”.

Prezident sonda sözlərinə əlavə edib ki, Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.