Azərbaycan tarixində ilk dəfə keçirilən “Art- Kamp”a start verildi

azerbaycan-tarixinde-ilk-defe-kecirilen-art-kampa-start-verildi
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, “Art-Kamp”ın ilk günündə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu kafedrasının müdiri Sevda Teymurova gənclərə master klas keçib. Sevda Teymurova gənclərlə görüşdə vətənpərvərlik mövzusunun hər bir gəncin qəlbində özünəməxsus yeri olduğunu söyləyib: “Bu gün bizim ən böyük missiyamız gəncləri vətənpərvərlik ruhunda böyütmək və onları vətənpərvərliyi sevdirməliyik. Mən bu gün bu gənclərə ustad dərsi demək üçün bu düşərgəyə gəlmişəm və bu mənim bundan sonrakı yaradıcılıq fəaliyyətimdə gözəl bir xatirə kimi yaddaşımda qalacaq”. Sevda Teymurova həmçinin teatrın insanlar üçün əhəmiyyətindən danışıb: “Bizim hər birimizin həyatında teatrın rolu əvəzsizdir. Teatr cəmiyyətin güzgüsüdür. Hər bir aktyor səhnədə rolu elə canlandırmalıdır ki, tamaşaçılar ona inansınlar”.

Daha sonra şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu və aktyor-rejissor Şeyx Əbdül Mahmudbəyov gənclərə master klas keçib. Şeyx Əbdül Mahmudbəyov bu günün Azərbaycan teatr tarixində çox əlamətdar gün kimi qiymətləndirib: “Bu qədər gəncin arasında olmaq məni çox sevindirir. Bu gün bizim üçün bu gün çox əlamətdardır. Azərbaycanın 4 bölgəsindən bu “Art Kamp”a gələn gənclər, xalqımızın istedadını və yaradıcılıq qabiliyyətinin bariz nümunələridir”.

Baba Vəziroğlu də öz növbəsində “Art Kamp”ın və festivalın işinə uğurlar arzulayıb.

Qeyd edək ki, Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı çərçivəsində baş tutan “Art-Kamp”da peşəkar aktyor və rejissorlar tərəfindən pulsuz ustad dərsləri və müxtəlif janrlarda seminarlar təşkil edilir. “Art Kamp”a festivalda iştirak edəcək 100-dən çox gənc qatılıb. “Art-Kamp” 27 noyabr tarixinə qədər davam edəcək.

Fatimə Kərimli