Azərbaycan təhsilindəki dinsizlik

azerbaycan-tehsilindeki-dinsizlik
Oxunma sayı: 2358

Raminə Eyvazqızı

Nardaran zaman-zaman məmləkəti silkələyib və köpü yatan hadisələr az sonra yaddan çıxıb. Bu dəfəki ölüm-itimlə başa gəlməsəydi, bəlkə də hazır bomba effektinə diqqətlər yönəlməzdi. İki gün əvvəl qəsəbəyə sancılan milli bayraq sanki kimdənsə geri alınmış torpağımıza sevinməyimizi gözləyirdi. Hətta AzTV-nin bu hadisəni sevincək işıqlandırması insanda üçlü-beşli qəribə hisslər əmələ gətirir.

Nardaran üzərindəki “böyüdücü şüşələr”, qəsəbə həyatı barədəki fikirlər bir daha onu göstərir ki, bu məkanın özünəməxsus həyat tərzi var. Bu həyat tərzi dünyada möcüzəli şəkildə suyu bir-birinə qarışmayan okeanlara bənzəyir. Onlar paytaxt insanlarına qarışmırlar, öz dünyalarında yaşayırlar. Amma bu dünyanın qanunları doğrudurmu? Məsələ burasındadır.

Fikrimcə, nə qədər də deyilsə ki, baş verənlərdə yalnış dini inanclar çox da rol oynamır, razılaşmazdım. Günlərdir, izlədiyimiz videolar sübut edir ki, orta məktəblərdə dini biliklərin ayrıca fənn şəkildə verilməsi yenidən aktuallaşmalıdır. Kitab əvəzinə əlində armatur tutan məktəblilərin çıxışları ən azı bu barədə fikirləşməyə əsas verir. Dini biliklər-dini dəyərlərin əsasında olursa, bunun nəyi pisdir axı? Məktəblini mərhəmətli, tərbiyəli, vicdanlı həyat sürməyə dəvət etmək xoş olmazmı? Məgər həqiqi islam dini bunu ehtiva etmirmi? Dini biliklər fizika, riyaziyyat, kimya kimi elmlərdən azmı vacibdir?

Problem dinə elm kimi yarşmamaqdadır. Axı həyatımızda hansı birimiz (sahə üzrə gedənlərdən başqa) fizika qanunlarından, riyazi tənliklərdən, kimyəvi reaksiyalardan istifadə edirik? Halbuki illərlə bu biliklərə vaxt itiririk. Bu biliklərdən xəbərdar olmalı olsaq belə, onlar bizə dini dəyərlərdən çox lazım deyil. Din hər zaman həyatımızdadır. Baxmayaraq ki, islam dini daha çox yas mərasimlərində yada düşür. Bu da o qədər urvatsız şəkildə təqdim edilir ki, “Yasin”nin ölü üçün yox, dirilər üçün yazıldığını belə uşaqlara hansı yollasa başa sala bilmirik. Demirəm ki, hamı məktəblini oruc tutmağa, namaza məcbur etsin. Dini dəyərlərə yiyələnmək əsla dövləti dini dövlətə çevirmək deyil. Dini tərbiyə ümumi tərbiyənin bir hissəsi kimi başa düşülməlidir.

Bir də Ramazan, Qurban bayramları dövlət səviyyəsində qeyd olunur axı. Əgər bayramların qiyməti və müqəddəsliyi ölkə vətəndaşına, uşaqdan -böyüyə lazımı səviyyədə qabaqcadan bəyan edilmirsə, hər kəsin imanına, inamına şübhə yaranır, cəhalət də ayağını bərkidir. Özünü ilahiyyatçı, din adamı hesab edənin hərəsinin agzından bir avaz çıxır. Hərdən elə dini məqamlar müzakirə olunur ki, adamın gülməyi gəlir. Bir də ilahiyyatçıların azlığı eyniadlı fakültənin bünövrəsinin boşluğundan da xəbər verir. İndi zəif təhsil sistemimizdə bu məsələnin həllinə kimisə cəlb etməyə çalışmaq qəliz olardı. Bəhanələr saysızdır. Amma vaxtiylə Dini işlər üzrə Dövlət Komitəsinin eks sədri Rafiq Əliyev belə təkliflər, hətta “Dinin əsasları” adlı dərslik hazırlayanda onu tərsləmişdilər.

İnsanları “kukla”ya çevirmək üçün din hər zaman vasitə olub. Çirkin məqsədlər uğruna insanların inanclarını, həyatlarını barmağa dolamaq sınağından keçdik və gördük. Ekstremizmlə mübarizənin dərmanı dini tərbiyəni doğru yerlərdən almaqdır. Lap cinsi tərbiyə kimi. Düşünməyə dəyər.

P.S. Bu arada gözümüz aydın olsun, Lahıcın misgərlik sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. Və Tale Bağırzadə də Lahıcdan idi. Axı nə üçün insanlar çox vaxt torpağının layiqlisi ola bilmirlər?