Azərbaycan Universiteti beynəlxalq tədbirdə təmsil olunur

azerbaycan-universiteti-beynelxalq-tedbirde-temsil-olunur
Oxunma sayı: 1023

Türkiyənin Kocaeli şəhərində IV Avropa İqtisadi Konqresi işə başlayıb. Beynəlxalq tədbirin təşkilatçıları Kocaeli Universiteti, Azərbaycan Universiteti və Polşanın WSB Universitetidir.

“Qafqazinfo” xəbər verir ki, 15-17 noyabr tarixləri arasında keçirilən konfransda Azərbaycan Universitetini Elmi işlər üzrə prorektor, professor Yusif Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.  

Prorektor Yusif Qasımov beynəlxalq tədbirin açılış mərasimində çıxış edərək konfrans iştirakçılarına Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın salamını çatdırıb. Azərbaycan Universitetinin tarixi və fəaliyyəti haqqında məlumat verən Yusif Qasımov tədbirin növbəti ildə Azərbaycan Universitetində keçiriləcəyini qeyd edib. Prorektor tədbir iştirakçılarını Bakıya dəvət edib və Azərbaycan Universitetinin rektoru adından xatirə hədiyyəsini Kocaeli Universitetinin rektoru prof. Sadettin Hülagüyə təqdim edib.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva təşkilat komitəsinin fəxri sədrlərindən biridir. Elmi işlər üzrə prorektor Yusif Qasımov və universitetin professoru Rövşən Quliyev tədbirin elm komitəsinin, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Əli Həsənov və Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva təşkilat komitəsinin üzvləridir.