Azərbaycan Universiteti Doha təhsil innovasiya zirvəsində təmsil olunub

Azərbaycan Universiteti Doha təhsil innovasiya zirvəsində təmsil olunub
Oxunma sayı: 556

Azərbaycan Universitetinin nümayəndə heyəti Qətərin paytaxtı Dohada 14-16 noyabr 2017-ci il tarixləri arasında keçirilmiş “Dünya Təhsil  İnnovasiya Zirvəsi”ndə (WISE-2017) iştirak edib. Mötəbər tədbirdə Azərbaycan Universitetini rektorun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Quliyeva və Xarici dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova təmsil edib.

"Qafqazinfo" xəbər verir ki, təhsil, texnologiya, siyasət, sosial sahibkarlıq, biznes, media və s. kimi sahələrdə dünyanın ən yaradıcı lider, sahibkar və pedaqoqlarını bir araya gətirən zirvədə nümayəndə heyətimiz tədbirdə təmsil olunan müxtəlif universitet, təhsil mərkəzi və agentliklərin nümayəndələri ilə görüşüb, tələbə və müəllim mübadiləsi, ikili diplom və birgə dərəcə proqramları, beynəlxalq tələbələrin cəlb olunması, digər birgə layihələrin həyata keçirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparıb, zirvə çərçivəsində təşkil olunmuş bölmə və panellərdə iştirak edib.

Təhsil sahəsinin gələcəyinə dair fikir mübadiləsi aparmaq məqsədi ilə dünyanın 100 ölkəsindən 2000-dən çox nümayəndənin iştirak etdiyi zirvə maraqlı anlarla yadda qalıb. Belə ki, zirvə “Təhsilin Nobeli” hesab olunan “WISE Prize for Education 2017” mükafatının Gananın Ashesi Universitetinin təsisçisi və idarə heyətinin sədri Patrick Awuaha təqdim olunması ilə başlayıb. Mükafat fondu 500 min dollar təşkil edir, qalibə eyni zamanda zirvənin qızıl medalı da təqdim olunub. Qeyd olunub ki, 900 tələbəsi və 1000-dən çox məzunu olan universitet 10 ildən də qısa müddət ərzində Gananın qabaqcıl universitetlərindən biri halına gəlib.

Tədbirin açılışını isə Qətərin birinci xanımı və Qətər fondunun qurucusu Sheikha Moza bint Nasser Al Missned və Türkiyənin birinci xanımı Emine Erdoğan edib. Çıxışlarda və ümumiyyətlə zirvə boyunca “Birlikdə yaşamaq və birlikdə var olmaq” mövzusu ön plana çıxarılıb.

Üç günlük zirvə çərçivəsində təşkil olunmuş panel, sesssiya və bölmələrdə “Sosial dəyişikliklərin təşviq edilməsində təhsilin rolu”, “Tənəzzül və qeyri-müəyyənlik dövründə öyrənmə metodlarının nəzərdən keçirilməsi və yenidən qurulması”, “Rifah səviyyəsinin yaxşılaşdırılmasına elm və texnologiyanın gücündən istifadə etmənin forma və metodları” və s. mövzularına müraciət edilib, beynəxalq düşmənçilyin və terrorun qarşısının alınmasında təhsilin roluna diqqət çəkilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi