Azərbaycan Universitetində ənənəvi Karyera Günü keçirilib

azerbaycan-universitetinde-enenevi-karyera-gunu-kecirilib
Oxunma sayı: 742

Bu gün Azərbaycan Universitetində növbəti ənənəvi Karyera Günü keçirilib. 

“Qafqazinfo”nun xəbərinə görə, “Karyerada ilk addım” şüarı ilə bu il beşincisi təşkil olunan tədbirdə müxtəlif profilli şirkət, idarə və müəssisələr, dövlət orqanları, təhsil müəssisələri və digər bu kimi qurumlar iştirakçılara öz vakansiyalarını, tələbələr üçün nəzərdə tutulan təcrübə və təqaüd proqramlarını təqdim ediblər. 

Şirkət nümayəndələri və insan resursları üzrə menecerlər iştirakçıların işə müraciət və təcrübə keçmək üçün doldurduqları anketləri qəbul edib, onlara düzgün CV hazırlanması, iş müsahibələrinə hazırlaşma, özünü təqdimetmə üsulları haqqında məsləhət və tövsiyələrini veriblər.  

Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yuxarı kurs tələbələri və məzunlara müvafiq platforma təqdim etməklə onların iş dünyasına çıxışının dəstəklənməsi və gənclərin məşğulluq probleminin həllinə kömək göstərilməsidir. 

İş dünyasının aparıcı şirkətləri ilə birbaşa təmasda olan tələbə və məzunlar özəl sektor və dövlət qurumlarında işə qəbul prosesinin qaydaları və mərhələləri ilə tanış olub, suallarını insan resursları departamentinin nümayəndələrinə ünvanlama imkanı əldə ediblər.