Azərbaycan Universitetində gənc tədqiqatçıların elmi konfransı keçirilib

Azərbaycan Universitetində gənc tədqiqatçıların elmi konfransı keçirilib
Oxunma sayı: 429

Bu gün Azərbaycan Universitetində Gənc tədqiqatçıların II respublika elmi konfransı keçirilib. 

“Qafqazinfo”nun xəbərinə görə, konfransda 44 təhsil müəssisəsi, akademiya, elmi-tədqiqat institutlarında oxuyan və fəaliyyət göstərən magistrant, doktorant, dissertant və gənc tədqiqatçılar əldə etdikləri elmi yenilikləri müzakirə edib, fikir mübadiləsi aparıblar. 

Universitetin rektoru Səadət Əliyeva qeyd edib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Bunu zəruri edən bir sıra amillər vardır. Cənab prezident İlham Əliyev Azərbaycanda neft ixracına əsaslanan iqtisadiyyatdan insan kapitalına və texnologiyalara əsaslanan iqtisadiyyata keçid strategiyasını bəyan edib. Ölkəmizdə yeni innovativ texnologiyalara əsaslanan sənaye sahələrinin qurulmasını nəzərdə tutan bu strategiyanın uğurla yerinə yetirilməsi innovativ biliklərə malik insan kapitalının yaradılmasından asılıdır.  Bu kapital isə məktəb, universitet, auditoriya, seminar və konfranslarda formalaşır ölkəmizdə hər il fevralın 2-sinin Gənclər günü kimi qeyd olunması, həmin gün müxtəlif sahələr üzrə uğur qazanmış gənclərin Prezident sərəncamı ilə mükafatlandırılması, tələbə, magistrant və doktorantların təqaüdlərinin artırılması, onların sosial problemlərinin həlli istiqamətində ciddi addımların atılması artıq öz nəticələrini verir.

Bunu nəzərə alan Azərbaycan Universiteti gəncləri yeniliklərə, innovasiyalara, yeni texologiyalara yönəltmək istiqamətində fəaliyyət göstərir. Bu gün təşkil edilən Gənc tədqiqatçıların II  respublika elmi konfransı da məhz bu fəaliyyətin tərkib hissəsidir. İnanıram ki, Azərbaycan Universitetində təşkil olunmuş konfranslar sizlərin gələcəkdə ciddi tədqiqatçı alimlər kimi yetişməyinizdə əhəmiyyətli rol oynayacaqdır. Çünki hər bir elmi konfrans əldə olunmuş elmi nəticələrinizi təqdim və müzakirə etmək üçün yeni imkan deməkdir”.

Daha sonra AMEA Tarix İnstitutunun Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva, Ali Attetasiya Komisssiyası təbiət elmləri şöbəsinin müdir müavini, fizika üzrə elmlər doktoru Sakin Cabarov, Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Xədicə Cəfərova çıxış edərək elmi konfranslarda iştirakın əhəmiyyətini vurğulayıb, bu tipli tədbirlərin bütün alimlərin əldə etdikləri nəticə və yenilikləri ictimaiyyətə çatdıra biləcəkləri əvəzedilməz platformalar olduğunu bildirib. 

Sonda istiqamətlər üzrə ən yaxşı elmi tədqiqat işlərinin müəllifləri xüsusi sertifikatla mükafatlandırılıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi