Azərbaycan Universitetində Lütfi Zadənin xatirəsi yad edilib

Azərbaycan Universitetində Lütfi Zadənin xatirəsi yad edilib
Oxunma sayı: 445

Azərbaycan Universitetində dünya şöhrətli alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin ömürlük professoru, ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadə) xatirəsinə həsr olunmuş “Əsrin dahisi” adlı anım tədbiri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbiri İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev açaraq görkəmli alimin həyatı və elmi fəaliyyəti haqqında danışıb. Dekan qeyri-səlis məntiq nəzəriyyəsinin mahiyyəti haqqında məlumat verərək qeyd edib ki, ömrünün son illərinə qədər elmi fəaliyyətlə məşğul olan böyük alimin paralel olaraq 5 böyük nəzəriyyəsi daha var. Onun ideya və nəzəriyyələri bəşəriyyətin inkişafına və rifah halının yüksəldilməsinə xidmət edir. Asif Paşayev tədbir iştirakçılarına nəzəriyyənin praktiki əhəmiyyəti və tətbiq olunduğu sahələr haqqında da məlumat verib, onun iqtisadiyyata, tibbə, texnologiyanın bütün sahələrinə, hətta konfliktlərin həll olunmasına tətbiq olunduğuna diqqət çəkib. Dekan deyib: “Bu səbəbdən Lütfi Zadənin məntiqi həm də tolerantlıq məntiqidir”.

Universitetin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov çıxışında Lütfi Zadənin irsinin araşdırılması və təbliği, qlobal mənada “azərbaycanlaşdırlması” sahəsində görülmüş işlər haqqında danışıb, iştirakçılara onun gündəlik həyatının maraqlı məqamları, hobbiləri ilə bağlı məlumatları çatdırıb. Prorektor deyib: “Lütfi Zadə hər bir azərbaycanlı üçün qürur mənbəyi olmalıdır. Hər birimiz onun haqqında ən az 3 dəqiqə danışa biləcək qabiliyyətə  sahib olmalıyıq. Bu, hər birimizin mənəvi borcudur”.

Tədbir universitetin qonağı, qeyri-səlis məntiq nəzəriyyəsinin tədqiqatı ilə uzun illərdir birbaşa məşğul olan, Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun Riyazi modelləşdirmə və avtomatlaşdırılmış sistemlər şöbəsinin böyük elmi işçisi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Şıxlinskayanın çıxışı ilə yekunlaşıb. Qonaq qeyd edib ki, “Zadə məntiqi” öncə yapon alimlərinin diqqətini cəlb edib. ABŞ-ın elmi ictimaiyyəti tərəfindən düz 20 il qəbul edilməyən bu nəzəriyyə artıq özünü doğruldub, dünyada elmin və texnologiyanın bütün sahələrinə geniş nüfuz edib.

Reyhan Şıxlinskaya süni intellektin təbliğatçısı kimi onu ədəbiyyata da tətbiq etdiyini və bu məqsədlə “Dostum Mimi” adlı kitab qələmə aldığını bildirib. Lütfi Zadəyə həsr olunmuş kitabın personajlarından biri - yaşlı professor məhz Lütfi Zadənin proobrazı kimi düşünülüb. Kitabın məzmunu belədir: “Professor oyuncaq siçana beyin düzəldir, süni intellekt yaradır və siçan insan kimi düşünüb danışmağa başlayır. Amma professorun yaddaşı zəiflədiyi üçün siçanı unudur və siçan küçəyə çıxır. Bütün macəralar ondan sonra başlayır”. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi