Azərbaycan Universitetində Xocalı soyqırımı qeyd olunub

Azərbaycan Universitetində Xocalı soyqırımı qeyd olunub
Oxunma sayı: 1057

Bu gün Azərbaycan Universitetində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir və “Xocalı soyqırımı obyektivlərdə” fotosərgisinin açılışı keçirilib. Sərgidə yerli və xarici fotoqraf və jurnalistlərin Xocalı və Ağdamda çəkdikləri şəkillər nümayiş olunur.

"Qafqazinfo" xəbər verir ki, Universitet rəhbərliyi, müəllim-tələbə heyətindən bir qrup üzv, soyqırımı şəhidlərinin ailə üzvləri və yaxınlarının iştirak etdiyi tədbirdən əvvəl sərgiyə baxış keçirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla qeyd olunub.

Tədbiri giriş sözü universitetin rektoru Səadət Əliyeva açıb. Rektor qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilənlər keçən əsrin ən dəhşətli faciəsi, vəhşilik aktıdır. Faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması, ədalətin bərpa olunması və soyqırımını törədənlərin beynəlxalq məhkəmə qarşısında mühakimə olunmalarına nail olmaq üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu cinayəti dünya ictimaiyyətinə çatdırmaq hər bir Azərbaycanlının vətəndaşlıq borcudur.  

Daha sonra Universitetin qonaqları - Xocalının “Mixaylosu” və milli qəhrəman, Xocalı soyqırımı şəhidi Tofiq Hüseynovun qızı Yasəmən Hüseynova, soyqırımı zamanı hər iki valideynini itirmiş Həmayıl Xəlilova və Xatirə Mirzəyeva faciənin miqyası və təfərrüatları barədə faktlarla çıxış ediblər. Yaşadıqları və şahid olduqları travmatik hadisələri tədbir iştirakçıları ilə bölüşən qonaqlar tələbələri informasiya müharibəsində fəallığa səsləyiblər.

Tədbirdə tələbələrin qonaqlara ünvanladıqları suallar da cavablanıdırlıb.

“Xocalı soyqırımı obyektivlərdə” fotosərgisi 28 fevrala qədər açıq olacaq. Universitet kollektivi 26 fevral günü təşkil olunacaq ümumxalq yürüşündə iştirak edəcək. Həmin gün ərzində Universitetin akt zallarında tələbələr üçün “Xoca” və “Fəryad” bədii filmləri nümayiş olunacaq.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi