Azərbaycan Universitetinin tədbirinə 13 ölkədən məruzə daxil olub

azerbaycan-universitetinin-tedbirine-13-olkeden-meruze-daxil-olub
Oxunma sayı: 674

Azərbaycan Universitetində tədqiqatyönümlü ali təhsil müəssisəsi statusuna nail olunması üçün artıq bir müddətdir ki, ardıcıl və məqsədyönlü iş aparılır, paralel olaraq universitetin beynəlxalq elmi nüfuzunun artırılması yolunda müvafiq addımlar atılır. Beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, Türkiyə və Avropanın qabaqcıl universitetləri ilə birgə beynəlxalq elmi konfransların təşkil olunması bu istiqamətdə görülən işlər sırasındadır.  

“Qafqazinfo” xəbər verir ki, belə tədbirlərdən biri hazırlıqları başa çatmaq ərəfəsində olan V Avropa İqtisadi Konqresidir. 25-27 aprel 2019-cu il tarixlərində Azərbaycan Universitetində keçiriləcək nüfuzlu beynəlxalq tədbirin digər həmtəşkilatçıları Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universitetidir. 
13 ölkəni təmsil edən müəlliflərin 100-ə yaxın məqaləsi konqresdə məruzə edilmək üçün qəbul edilib. Tədbir iştirakçılarını audit, maliyyə təhlükəsizliyi, ekologiya, demoqrafiya, riyazi iqtisadi modelləşdirmə kimi istiqamət və aspektlərdə maraqlı təqdimatlar gözləyir. Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin təhlili, iqlim dəyişikliyinin davamlı inkişafa təsiri, Polşa iqtisadiyyatına investisiyaların təhlili və başqa bu kimi aktual mövzuların da  müzakirəsi planlaşdırılır.  

“Qlobal iqtisadi trendlər” mövzusuna fokuslanacaq konqresin dəvətli  məruzəçiləri İtaliyanın Roma Tre Universitetinin professoru Roberto Ciccone, Almaniyanın  Oldenburg Universitetinin professoru Hans Michael Trautwein, İspaniyanın  Extremadura Universitetinin professoru Rui Alexandre Castanho, Polşanın Meterologiya və Su Təsərrüfatı İnstitutunun professoru Tomasz Kasprowicz, Türkiyədən İstanbul Ticarət Universitetinin dosenti Vahit Ferhan Benli, Azərbaycandan millət vəkili, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadədir. Qonaq qismində isə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru prof. Nazim İmanov, İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, prof. Vilayət Vəliyev, AMEA-nın müxbir üzvü, professor Akif Musayev, millət vəkilləri Aydın Mirzəzadə, Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Polşa səfirliyinin nümayəndəsinin çıxışı planlaşdırılır. 

Bu seriyadan olan əvvəlki tədbirlər dünyanın müxtəlif ölkələrində təşkil olunub və dünya alimlərinin diqqətini ciddi elmi tədbir kimi cəlb edib.

Daha ətraflı məlumat üçün konqresin saytına keçid aşağıdadır:

https://ecoei.org/