“Azərbaycan və ABŞ strateji tərəfdaşlardır” - Elin Süleymanov

azerbaycan-ve-abs-strateji-terefdaslardir
Oxunma sayı: 774

“Azərbaycan və ABŞ strateji tərəfdaşlardır”.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Oklahoma Universitetinin “KGOU” saytına müsahibəsində deyib.

Səfir deyib: “Biz bir çox məsələlərdə müttəfiqik. Bizim ümumi məqsədlərimiz, baxışımız var. Hesab edirəm ki, diqqəti kiçik fərqlərə yönəltmək səhvdir”.

Azərbaycanın tarixi və mədəniyyəti haqqında danışan səfir qeyd edib ki, ölkənin coğrafi mövqeyi onun əhəmiyyətinin anlaşılması üçün vacibdir. Diplomat xatırladıb ki, Azərbaycan Avropanın şərqində, Xəzər dənizinin sahilində yerləşir və Rusiya, İran, Türkiyə və Yaxın Şərqlə həmsərhəddir.

E.Süleymanov qeyd edib ki, Azərbaycan hər zaman Avropa və Asiya arasında coğrafi körpü olub və bu amillər Azərbaycanda 1918-ci ildə müsəlman əhalisi olan ilk demokratik respublika qurulmasına imkan verib .

Diplomat bildirib ki, Azərbaycanın Ermənistan istisna olmaqla bütün qonşuları ilə yaxşı münasibətləri var: “Təəssüf ki, Ermənistan və Azərbaycan arasında davam edən münaqişə və Azərbaycan torpaqlarının işğalı nəticəsində iki ölkə arasında münasibətlər mövcud deyil. Ümid edirəm ki, bu məsələdə irəliləyiş olacaq. Amma, əlbəttə ki, münaqişə həllini tapmalıdır”.

Azərbaycanın neft sənayesindən danışan səfir qeyd edib ki, hazırda Azərbaycan neft gəlirlərini infrastrukturun inkişafına qoyur: “Məsələn, Azərbaycanda Xəzərdə ən böyük liman salınıb. Həmçinin Şərq və Qərb arasında dəmir yolu dəhlizinin formalaşması üçün zəruri infrastruktur və logistika yaradılır”.