Azərbaycan və Fransa birgə beynəlxalq konfrans keçirir

azerbaycan-ve-fransa-birge-beynelxalq-konfrans-kecirir
Oxunma sayı: 730

Tədbirdə Nazirlik rəhbərliyi, Fransanın ölkəmizdəki səfirliyi, müvafiq hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların, tibbi-sosial ekspertiza və bərpa-müalicə xidmətinin, sosial müdafiə təşkilatlarının nümayəndələri iştirak edirlər.
Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, konfransın məqsədi Azərbaycanda əlil insanlarla bağlı həyata keçirilən siyasətin və onun icrası istiqamətində görülən işlərin, habelə beynəlxalq konvensiyalardan, o cümlədən BMT-nin “Əlillərin hüquqları haqqında” konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi, əlillərin tibbi-sosial reabilitasiyası sahəsində ölkəmizdə mövcud vəziyyətin ətraflı təhlil olunaraq qiymətləndirilməsidir.

Konfrans həmçinin qabaqcıl Avropa dövlətlərinin, xüsusən Fransa təcrübəsinin müəyyən məqamlarının təqdim edilməsi yolu ilə Azərbaycanın sosial siyasətin icrası sahəsində fəaliyyət göstərən dövlət qurumlarını, xüsusi qayğıya ehtiyac duyan insanların problemləri ilə məşğul olan vətəndaş cəmiyyətlərini, beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirmək məramına xidmət edir.

Tədbirdə Azərbaycan və Avropada fiziki cəhətdən qüsurlu insanlarla bağlı son tendensiyalar, respublikamızda əlillərin sosial müdafiəsi, sosial reabilitasiyanın təşkili, xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə sosial inteqrasiyası və s. mövzularda məruzələr dinləniləcək, geniş fikir mübadiləsi aparılacaq.

Nigar Məmmədli