Azərbaycan və Rusiya DİN-i birgə əməliyyat keçirdi – - 81 nəfər həbs olundu

azerbaycan-ve-rusiya-din-i-birge-emeliyyat-kecirdi-
Oxunma sayı: 3907


Azərbaycan və Rusiya Daxili İşlər nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən mayın 20-dən 25-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində «Sərhəd» şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.

Respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən tədbirlər nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 52 nəfər tutulub, həmçinin MDB-nin üzvü olan ölkələr tərəfindən axtarılan 29 nəfər saxlanılmış, 5 nəfər itkin düşmüş şəxsin yeri müəyyənləşdirilib. Qanunsuz saxlanılan 10 avtomat silah, 11 tapança, 47 ədəd yivli, ov və lüləsi kəsilmiş tüfəng, 24 qumbara, 7 minə yaxın müxtəlif çaplı patron götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt aşkar olunub. Ümumi çəkisi 9,2 tona yaxın yabanı halda bitmiş narkotik tərkibli bitki məhv edilib.

Quba və Oğuz rayonlarında isə 1-i keçmiş illərdən bağlı qalmış 4 cinayətin üstü açılıb.

Tədbirlər zamanı 680 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib.

Cinayətlərin qarşısının alınması və açılmasında böyük əhəmiyyət kəsb etməsi baxımından analoji əməliyyatların gələcəkdə də keçirilməsi planlaşdırılır.