Azərbaycan və Rusiya turizm mərkəzləri əməkdaşlıq edəcəklər

azerbaycan-ve-rusiya-turizm-merkezleri-emekdasliq-edecekler
Oxunma sayı: 1172

Bu gün Rusiyanın İqtisadi inkişaf naziri Maksim Oreşkinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşərək, qarşılıqlı iqtisadi işgüzar əlaqələrin inkişaf etdirilməsi yönündə müzakirələr aparıblar.

"Qafqazinfo" xəbər verir ki, görüş çərçivəsində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti və “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

Memorandumun imzalanmasında əsas məqsəd hər iki regionun turizm potensialının inkişaf etdirilməsi yönündə iki şirkət arasında əməkdaşlığın və qarşılıqlı səmərəli işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi, eyni zamanda təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Memorandum çərçivəsində dağ-xizək kurortlarının istismarı, qış və yay aylarında – il boyu fəaliyyət göstərən kurortların inkişafı, xizək mövsümünün  uzun müddətli oması üçün süni qar örtüyünün yaradılması texnologiyaları, kurortlarda keyfiyyət standartlarının tətbiq edilməsi, birlikdə marketinq araşdırmalarının aparılması nəzərdə tutulub.

Eyni zamanda yay istirahət proqramlarının hazırlanması, kurortlarda mühüm tədbirlərin, o cümlədən beynəlxalq yarışların keçirilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərindən biri kimi müntəzəm olaraq kurortlara dair statistik məlumatların mübadiləsi istiqamətində birgə işlərin aparılması razılaşdırılıb.

Eləcə də daxili və xarici bazarda turizm məhsullarının təşviqi və təbliğatı məqsədilə birgə addımların atılmasına xüsusi diqqət yetirilməsi nəzərdə tutulub.