Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşdü - Fotolar

azerbaycan-ve-turkiye-xin-rehberleri-gorusdu
Oxunma sayı: 3927

Xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycana rəsmi səfəri çərçivəsində onunla təkbətək və nümayəndələr heyətlərinin iştirakı ilə görüşlər keçirib.

“Qafqazinfo” xəbər verir ki, nazirlər iki qardaş ölkə arasında bərqərar olunmuş strateji münasibətlərin və ənənəvi dostluğun yüksələn xətlə irəlilədiyini məmnuniyyətlə qeyd ediblər.

Bu mənada tərəflər Azərbaycan və Türkiyədə keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanan prezident İlham Əliyev və prezident Rəcəb Tayyib Ərdoğanın ilk səfərlərini müvafiq olaraq məhz Ankara və Bakıya etmələrinin Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsini olduğunu vurğulayıblar.

Nazirlər Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalının regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə olduğunu vurğulayıblar. Mövlud Çavuşoğlu Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyənin mövqeyini bir daha vurğulayaraq münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.

Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.