Azərbaycan Yaponiyadan yeni avadanlıqlar aldı

azerbaycan-yaponiyadan-yeni-avadanliqlar-aldi
Oxunma sayı: 648

Baytarlıq şəhərciyində Azərbaycan Respublikasının Hökuməti və Yaponiya Hökuməti arasında imzalanmış “Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardımı”na dair razılığın təsdiq edilməsi barədə Notaya əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan bir sıra institut və laboratoriyalar üçün yeni alınmış Yaponiya istehsalı olan avadanlıqların təqdimatı olub. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə kənd təsərrüfatı naziri Heydər Əsədov və Yaponiyanın Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori iştirak edib. 

H. Əsədov Yaponiya Hökuməti tərəfindən maliyyələşdirilən 2KR Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatının texniki təminatı, eləcə də aqrar islahatların ilk illərində Proqram çərçivəsində görülən tədbirlərin əhəmiyyətini qeyd edib. Belə ki, həmin müddətdə 1600-dan artıq kənd təsərrüfatı texnika və texniki avadanlıqları gətirilərək fermerlərin istifadəsinə verilib və ehtiyacların ödənilməsində ciddi rol oynayıb. 

Bildirilib ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə, Baytarlıq, Əkinçilik, Bitki Mühafizəsi və Texniki Bitkilər, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutlarına, o cümlədən Respublika Baytarlıq və Zona Baytarlıq Laboratoriyalarına 23 adda 141 cihaz, alət və avadanlıq verilib. Avadanlıqların istehsalçı “Ogawa Seiki Co., LTD” şirkətini Yaponiya Beynəlxalq Əməkdaşlıq Sistemi tender əsasında seçib. 

Səfir Teruyuki Katori Yaponiyanın bir sıra sahələrdə, xüsusilə kənd təsərrüfatı sahəsində layihələrinin uğurla həyata keçdiyini qeyd edib və bundan sonra da kənd təsərrüfatı sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini qeyd edib. 

Qeyd edək ki, mayın 24-dən şirkətin nümayəndələri ölkəmizdə səfərdə olub və avadanlıqları quraşdıraraq onların istifadəsi üzrə təlimlər keçiblər. Sözügedən avadanlığın alınması üçün Yaponiya Hökuməti Azərbaycana 100 mln yapon yeni məbləğində qrant ayırıb.