Azərbaycan yığması Avropa üçüncüsü oldu

azerbaycan-yigmasi-avropa-ucuncusu-oldu
Oxunma sayı: 685

“Qafqazinfo” xəbər verir ki, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub və təmsilçilərimiz 2 gümüş, 1 bürünc medal qazanıb.

55 kq çəkidə Qalib Əliyev bürünc medal qazanıb. Əvvəlcə bolqar Veliko Lyutzkanovu (3:1, 2:1) məğlub edən təmsilçimiz, daha sonra rus güləşçi Arsen Kuramaqomedova (0:3, 3:4) uduzaraq təsəlliverici görüşlərə qatılıb. Təsəlliverici görüş zamanı israilli David İliahu üzərində (6:0, 6:0) tam üstünlüklə qələbə qazanan Qalib Əliyev, bürünc medal uğrunda görüşdə isə fransız Çakır Ansarini (4:1, 8:2) məğlub edib.

66 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov avstriyalı Georg Marchlı (3:0, 7:0), rumıniyalı Vasile Madalin Minzalanı (6:0, 3:0) tam üstünlüklə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisi Mustafa Kaya ilə gərgin keçən görüşü də (9:7, 6:1) qələbə ilə başa vuraraq finala yüksəlib. Finalda Rusiya güləşçisi Baymirzə Kadisovla qarşılaşan Məhəmməd Müslümov rəqibini üstələyə bilməyib (2:3, 0:1) və gümüş medalla kifayətlənib.

120 kq çəkidə Aslan Dzebişov finala qədər büdrəmədən irəliləyib. Ardıcıl olaraq macar Richard Csercsicsi (1:0, 2:2), bolqar Nikola Balzakovu (3:1, 4:0), ukraynalı Vyaçeslav Muzayevi (1:0, 2:1) məğlub edərək finala yüksəlib. Finalda belarus İhar Dziatko üstün olub (0:1, 0:3), Aslan Dzebişov gümüş medal qazanıb.

Bununla da, Serbiyanın Zrenyanin şəhərində keçirilən gənclər arasında Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb. Ümumilikdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan yığmamız 53 xalla komanda hesabında çempionatı üçüncü yerdə tamamlayıb. Rusiya və Gürcüstan komandaları 63 xalla birinci və ikinci yeri paylaşıb.

İyunun 23-24-də Avropa çempionatında gənc qızlar qüvvələrini sınayacaq, yunan-Roma güləşçiləri isə çempionatın son iki günündə xalça üzərinə çıxacaq.

Minə