Azərbaycana aksizsiz içkilər gətirən şəxs saxlanıldı - Foto

azerbaycana-aksizsiz-ickiler-getiren-sexs-saxlanildi
Oxunma sayı: 1493

Badamdar qəsəbəsindəki 1-ci yaşayış massivində yerləşən evin qarşısında “Ford Tourneo Connect” markalı avtomobildən müxtəlif növ alkoqollu içkilərin həmin evin həyətinə daşınması müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, avtomobilin sürücüsü Xankişiyev Zaur Vəzirağa oğlu və Ənvərli Elgün Tahir oğlu alkoqollu içkiləri evin həyətinə yığarkən saxlanılıblar. Avtomobildə isə aksiz markasız 161 ədəd müxtəlif markalı və həcmli alkoqollu içki aşkar edilərək götürülüb.

Bununla belə, əməliyyat-axtarış tədbirləri davam etdirilib. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivindəki sözügedən ünvana baxış keçirilib. Bu zaman evin həyətindəki ikiotaqlı tikilinin saxlanc otağında, tikilidəki məişət əşyalarının içərisindən və torpaq sahəsində basdırılmış şəkildə aksiz markasız müxtəlif adda və həcmdə 1286 ədəd alkoqollu içki, evin damında isə aksiz markasız müxtəlif adda 20.600 ədəd siqaret aşkar olunub.

Aşkar olunan külli miqdarda alkoqollu içki və tütün məmulatının ümumi dəyəri təxminən 300 min manatdır.

Əməliyyat-axtarış tədbirləri nəticəsində, ölkə ərazisinə qanunsuz yollarla gətirilən aksiz markasız alkoqollu içkilərin realizə olunması işinə rəhbərlik edən Bakı şəhər sakini Tamrazov Cəbrayıl Hüseyn oğlu ifşa edilərək təhqiqata cəlb olunub.