Azərbaycana məxsus şirkətin hesabına həbs qoyuldu

azerbaycana-mexsus-sirketin-hesabina-hebs-qoyuldu
Oxunma sayı: 2222


“Qafqazinfo” xəbər verir ki, Virtualaz.org saytı bu haqda Balkan mənbələrinə istinadən xəbər verir. Məlumatda deyilir ki, Tirana məhkəməsinin qərarı ilə AMRO neft şirkətinin yerli banklardakı 24.5 milyon avroluq hesablarına həbs qoyulub. Şirkətin səhmlərinin sahibi Azərbaycandan olan və Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş  “Heaney Assets Corporation” şirkətidir.

Xəbərdə AMRO şirkətinin bank hesablarına həbs qoyulmasının səbəbləri göstərilməsə də sayt bu şirkətlə bağlı araşdırmalar apararaq xeyli ipucları əldə edib. Belə məlum olur ki, AMRO əvvəllər Albaniyanın dövlət mülkiyyətində olub və ölkənin yeganə iri neftayırma zavodunun sahibidir. 2008-ci ildə şirkət özəlləşdirilib, onun səhmlərinin 85 faizini “Anika Mercuria Refinery Associated Oil”  adlı şirkət alıb, qalan hissəsi Albaniya hökumətində qalıb.

2013-cü ildə isə şirkətin mülkiyyətçisi yenidən dəyişib. Həmin ilin avqustunda şirkətin mülkiyyətçisinin dəyişdiyi barədə Albaniyanın milli qeydiyyat Mərkəzinə verilib. Bu məlumata əsasən şirkətin əvvəlki sahibi Rezart Taçi AMRO-nu tərk edib, onu Fation Veizaj əvəzləyib.

Həmçinin şirkətin müşahidə şurasının üzvləri dəyişdirilib və yeni üzvlərin adları bunlardır: İbrahim Nastopalli, Lourens Stroç, Abe Halati və Erinda Ballanca.

Həmin sövdələşməyə əsasən şirkətin səhmlərinin 80 faizini Azərbaycandan olan “Heaney Assets Corporation” şirkəti əldə edib. “Heaney Assets Corporation” şirkətin sahiblərinin adları məlum deyil, ancaq şirkət Britaniya Virgin adalarında offşor zonada qeydiyyatdan keçib.

Şirkətin internet saytı yoxdur və onun sahiblərinin kimliyi barədə hər hansı məlumata rast gəlinmir. AMRO-nun bu şirkətə neçəyə satıldığı da açıqlanmayıb.

Balkan mediasından əldə olunan məlumatlara görə şirkətin mülkiyyətçisi dəyişməzdən əvvəl də AMRO-nun Azərbaycanla bağları olub. Belə ki, AMRO Azərbaycan Beynəlxalq Bankından 75 milyon avro borc alıb. Bildirilir ki, Rezart Taçi 2008-ci ildə şirkəti özəlləşdirərəkən bankdan həmin məbləği götürüb və qaytara bilməyib.

AMRO şirkətinin “Heaney Assets Corporation”a satılmasından sonra onun müşahidə şurasında yer alan Erinda Ballanca isə Azərbaycan Beynəlxalq Bankının Rezart Taçiyə qarşı 75 milyon avroluq iddiasında bankın maraqlarını təmsil edib.

Albaniya mənbələrində yer alan məlumata görə, Rezart Taçi AMRO-nu özəlləşdirəndən sonra onun iri məbləğdə borcları yaranıb. 2012-ci ilin vergi sənədlərinə əsasən şirkətin 350 milyon avro dövriyyəsi olub. “Heaney Assets Corporation” şirkəti alandan sonra Rezart Taçinin.

“AMRA Oil” adlı şirkətə olan 35 milyon avro borcunu ödəyib, həmçinin şirkətin dövlət büdcəsi qarşısında öhdəliklərini yerinə yetirməyi üzərinə götürüb. Söhbət on milyonlarla avroluq borclardan gedir. “Heaney Assets Corporation” həmçinin alban neft maqnatının “Europetrol”, “Taci Oil” və  “Kuid” şirkətlərindəki minoritar paketlərini almağa 15 milyon avro verib.

Bildirilir ki, Rezart Taçi Albaniya hakimiyyətində siyasi əlaqələri olan maqnatdır, ancaq onun borclarının şişməsi şirkəti satmağa məcbur edib. Rezart Taçi baş nazir Sali Berişanın yaxın çevrəsinə daxil olan şəxs kimi tanınır. O, “Milan” və “Real Madrid” futbol klublarını Tiranaya gətirməyə, xeyriyyə xarakterli futbol matçları təşkil etməyə milyonlarla avro xərcləyib, bu oyunlardan yığılan pulları Berişanın xanımının başçılıq etdiyi xeyriyyə fonduna köçürüb. Bildirilir ki, o, ARMO-nu 128 milyon avroya almışdı.

ARMO şirkətini Rezart Taçidən Azərbaycana məxsus şirkətin aldığını Albaniya hökuməti də rəsmən təsdiq edib.

Ötən il Albaniyanın iqtisadiyyat nazirinin müavini İno Bozdo mətbuata açıqlamasında deyib ki, “Heaney Assets Corporation” Azərbaycandan olan şirkətdir.

“Biz ümid edirik ki, onların yaxşı texniki və maliyyə aktivlərinə malik olması AMRO şirkətinin üzləşdiyi problemlərin həllinə kömək edəcək” - deyə o bildirib.