Azərbaycanda 100 ildən çox yaşayanların sayı azalıb - Statistika

azerbaycanda-100-ilden-cox-yasayanlarin-sayi-azalib
Oxunma sayı: 1036

Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı azalıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə yaşı 100 və 100-dən çox olan insanların sayı azalsa da, uzunömürlü kişilərin sayı çoxalıb.

Belə ki, 2013-cü ildə yaşı 100-dən çox əhalinin sayı 838 nəfər olub ki, onun da 814-ü qadın, 24-ü kişi olub. 2014-cü ildə yaşı 100-dən çox olan əhalinin sayı 669 (635 qadın, 34 kişi), 2015-ci ildə 619 (547 qadın, 72 kişi), 2016-cı ildə 626 (530 qadın, 96 kişi), 2017-ci ildə 683 (535 qadın, 148 kişi) olub.
2017-ci ildə yaşı 100-dən çox olanların 50 nəfəri Bakıda, 9-u Abşeron iqtisadi rayonunda, 44-ü Gəncə-Qazax iqtisadi rayonunda, 15-i Şəki-Zaqatala iqtisadi rayonunda, 17-si Lənkəran iqtisadi rayonunda, 7-si Quba-Xaçmaz iqtisadi rayonunda, 36-sı Aran iqtisadi rayonunda 36, 69-u Kəlbəcər-Laçın iqtisadi rayonunda, 9-u Dağlıq Şirvan iqtisadi rayonunda, 44-ü Naxçıvan Muxtar Respublikasında yaşayanlar olub.

Ötən illər ərzində Aran iqtisadi rayonunda olan 100-dən çox yaşlı əhalinin sayı nəzərə çarpan dərəcədə azalıb. 2013-cü ildə burada yaşı 100-dən çox olan əhalinin sayı 120 olduğu halda, 2015-ci ildə bu rəqəm azalaraq, 37-yə, 2017-ci ildə isə 36-ya enib.

Ölkədə ümumilikdə yaşı 100-dən çox olan insanlar daha çox Yuxarı Qarabağ iqtisadi rayonunun payına düşüb. 2013-cü ildə burada 258 nəfər yaşı 100 və daha yuxarı olan insan yaşayıb. Bu say sonrakı illərdə yalnız artıma doğru dəyişib və nəticədə 2017-ci ildə Yuxarı Qarabağ iqtisadi rayonunda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı 383-ə (311 qadın, 72 qadın) yüksəlib.