Azərbaycanda 120 478 ailə ünvanlı yardım alır

azerbaycanda-120-478-aile-unvanli-yardim-alir
Oxunma sayı: 654

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bununla yanaşı, aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılmasına aktiv tədbirlər vasitəsilə və onların mövcud daxili resurslarından istifadə olunmaqla kömək göstərilməsi məqsədilə “Özünədəstək”-Birdəfəlik ünvanlı sosial yardım layihəsi hazırlanıb. Bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə istinad olunmaqla hazırlanan layihənin 2011-ci ilin martında seçilmiş pilot rayonlardan biri olan Tovuz rayonunun Ermənistanla həmsərhəd Vahidli kəndində icrasına başlanılıb. Həmin kənddə ünvanlı yardım alan 15 ailəyə ev təsərrüfatlarında şəxsi istehsalla məşğul olmaları və bununla özlərini təmin edə bilmələri üçün yerli ictimaiyyətin nümayəndələrindən ibarət Şuranın iştirakı ilə mal və materiallar alınıb verilib.

“Özünədəstək” proqramı digər seçilmiş pilot rayon olan Bakının Nizami rayonunda davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, adı çəkilən rayonda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq struktur bölmələrinin rəhbərlərinin və nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin iştirakı ilə müəyyən edilmiş seçim indikatorları əsasında müsahibələr keçirilib və müvafiq qiymətləndirmə aparılmaqla, proqrama cəlb olunacaq ailələr seçilib. Növbəti aydan etibarən seçilmiş 30 ailəyə kiçik istehsal və müxtəlif xidmət sahələri ilə məşğul olmaq üçün birdəfəlik ünvanlı yardımın verilməsi təmin ediləcək.

Məlumat üçün bildirək ki, “Özünədəstək” layihəsinə cəlb olunan ailənin ölkə üzrə ünvanlı sosial yardımın orta aylıq məbləğinin 12 misli miqdarında vəsaitlə təmin edilməsi nəzərdə tutulur.

Proqramda iştirak edəcək ailə ünvanlı sosial yardım almayacaq və sosial reabilitasiya edildikdən sonra tədricən yoxsulluq həddindən çıxarılacaq. Layihənin cari il ərzində bütün ölkə ərazisində icrası gözlənilir.

Nigar Məmmədli