Azərbaycanda 200 və 500 manatlıq dövriyyəyə buraxılır

azerbaycanda-200-ve-500-manatliq-dovriyyeye-buraxilir
Oxunma sayı: 1008

SalamNews xəbər verir ki, bunu Azərbaycanın Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov jurnalistlərə bildirib.
Elman Rüstəmov deyib:"Son illər dövriyyədə mövcud olan böyük nominallı - 50 və 100 manatlıq əskinasların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Beynəlxalq təcrübəyə əsasən, onların payı 60-65 faizdən artıq olmamalıdır. Bu gün isə bu əskinasların çap olunması dövlət üçün böyük maliyyə yüklənməsi yaradıb. Biz hesablamışıq ki, dövriyyəyə 200 və 500 manatlıq əskinasların buraxılması yaxın beş ildə Azərbaycana 10 milyon avroya qədər vəsaitə qənaət etməyə imkan verəcək".

Mərkəzi Bankın İdarə Heyətinin sədri ehtiyac yaranacağı təqdirdə yeni metal sikkəli manat pulların da dövriyyəyə buraxılacağını istisna etməyib: "Bu gün Azərbaycanda dövriyyədə altı sikkə və altı əskinas var. Beynəlxalq təcrübədə dövriyyədə 7-8 əskinas və sikkələrin buraxılması strukturu var. Ola bilər ki, müəyyən dövrdə aşağı nominallı sikkələrin dövriyyədən çıxarılmasına məcbur olduq, belə olan halda artıq dövriyyəyə iri nominallı əskinaslar buraxsa, onda bu pul nişanlarının strukturunu yenidən qaydaya salmalı olacağıq. Bu halda böyük nominallı sikkələrin buraxılması da mümkündür. Məsələn, Avropada 1 və 2 avroluq, İsveçrədə 1 və 5 İsveçrə frankı məbləğində metal sikkələr mövcuddur. Biz bu məsələni çox ciddi araşdırırıq və daim beynəlxalq ekspertlərlə məsləhətləşirik".

Xırda nominallı – 1, 3 və 5 qəpiklik metal sikkələrin dövriyyədən çıxarılmasının gündəmdə olmadığını deyən Mərkəzi Bankın rəhbəri bəzi ticarət və xidmət obyektlərində onların götürülməməsinin qeyri-qanuni olduğunu bəyan edib. Onun sözlərinə görə, Azərbaycan qanunlarına görə, manat və qəpiklər qanuni ödəniş vasitəsidir və heç kimin onlardan imtina etməyə ixtiyarı yoxdur: "Statistika göstərir ki, iqtisadiyyatımız aktiv olaraq bu sikkələri tələb edir. Bunların həcmi cari il ərazində də əhəmiyyətli dərəcədə artıb və yaxın illərdə də artacaq. Bu, onu göstərir ki, qiymətlərin miqyası hələ elədir ki, bu qəpiklərə ehtiyac var".