Azərbaycanda 25 min “Moskviç” sürən var

Azərbaycanda 25 min “Moskviç” sürən var
Oxunma sayı: 2495

2017-ci ilin əvvəlindən ölkəyə avtomobil idxalı azalıb. Belə ki, gömrük statistikasına görə, cari ilin üç ayında ölkəyə 1 431 avtomobil gətirilib. 

“Qafqazinfo” avtosfer.az-a istinadən xəbər verir ki, onun 1185 ədədi, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri olub. 

Müqayisə üçün bildirək ki, 2016-cı ilin müvafiq dövründə bu rəqəm 1235 ədəd imiş. 

Rəqəmlərin təhlili göstərir ki, ölkəyə avtomobil idxalı 4 dəfəyə qədər azalıb. Belə ki, 2010-cu ildə 51 824, 2011-ci ildə 64 916, 2012-ci ildə 89 652, 2013-cü ildə 94 879, 2014-cü ildə 57 615, 2015-ci ildə isə 23 765 ədəd avtomobil idxal edilib. 2016-cı ildə isə 4991 ədəd minik avtomobili gətirilib. 2017-ci ilin üç ayında da bu rəqəm 1185 ədəd olub. Avtomobil idxalının azalması heç də bazarın doyması, tələblə bağlı deyil. Rəsmi statistikaya görə, ilin əvvəlinə ölkədə 1 136 983 minik avtomobili olub. Hər 1000 nəfərə 119, hər 100 ailəyə 52 minik avtomobili düşüb. 

Müqayisə üçün bildirək ki, Rusiyada hər 1000 nəfərə 284, ABŞ-da 799, Almaniyada 544, Qazaxıstanda 229, Ukraynada 162 avtomobil düşür. Eləcə də Rusiyada ailələrin 51 faizi 1 avtomobilə sahibdir. Azərbaycanda bu rəqəm ailələr üzrə 48 faizdir.  Göründüyü kimi, nəqliyyat yollarımız avtomobil sıxlığı ilə qapansa da, ölkədə əhalisinin şəxsi maşınla təminatı inkişaf etmiş ölkələrdən geridə qalır.

Başqa bir tərəfdən, Azərbaycan hələ də Ukrayna, Qazaxıstan, eləcə də Rusiya ilə müqayisədə SSRİ istehsalı olan maşınların nəqliyyatdakı payını azaltmayıb. Avtomobillərin markalarına görə bölgüsünə nəzər yetirdikdə də aydın olur ki, sovet dövründə istehsal edilən maşınlar az deyil. Məsələn, ölkədə 5 944 ədəd  "Zaporojests" idarə edən var. Eləcə də 25,170 ədəd "Moskviç", 200,777 ədəd "Vaz 2101", "03" - "06" avtomobili mövcuddur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi