Azərbaycanda ata adından imtina edənlər kimlərdir?

Azərbaycanda ata adından imtina edənlər kimlərdir?
Oxunma sayı: 2688

Ad, soyad dəyişdirilməsi hallarının baş verdiyi hər kəsə məlumdur. Kimisi valideynlərinin ona verdiyi adı bəyənməyərək imtina edir, yaxud da soyadını dəyişdirir. Bəs ata adının dəyişdirilməsi hansı hallarda baş verir? İnsanı öz atasının adından imtina etməyə vadar edən səbəblər nədir?

“Qafqazinfo” xəbər verir ki, Modern.az-ın bu qəbildən olan suallarını Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev cavablandırıb.

Ə.Nuriyev bildirib ki, 18 yaşına çatmış hər bir şəxsin öz ad, soyad və ata adının dəyişdirilməsi üçün müraciət etmək hüququ var:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Mülki Məcəlləsinə, həmçinin, ad, soyad, ata adının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinin12 may 2011-ci il tarixli qərarlarına görə, ad, soyad və ata adının dəyişdirilməsini daha səmərəli tənzimləyə biləcək normalar müəyyənləşib. Çox təəssüf ki, bir sıra hallarda uşaqlara çox eybəcər, milli adlarımızala uyğunlaşmayan, gülünc xarakter daşıyan adlar verilib. Heç şübhəsiz ki, uşaq yaşa dolduqdan sonra istər-istəməz öz adı ilə razılaşmır. O, anlayır ki, daşıdığı ad gülüncdür və mahiyyət etibarilə ona zərər vurur. Ona görə də adının, soyadının, bəzi hallarda atasının adının dəyişdirilməsilə bağlı müraciət edə bilir. Qanunvericiliyə görə, 18 yaşına çatmış hər bir şəxsin öz ad, soyad və ata adının dəyişdirilməsi üçün müraciət etmək hüququ var”.

Hüquqşünas deyib ki, yetkinlik yaşına çatmayanların ad, soyad və ata adının dəyişdirilməsi onun valideynlərinin razılığı əsasında mümkündür:

“Çünki ad insana yaxınları və valideynləri tərəfindən verilir. Uşağa ad verilərkən, valideynlər bunu razılaşdırmalıdırlar. Əgər narazılıq yaranarsa, müvafiq orqanların rəyi nəzərə alınmaqla, məsələ həll edilməlidir. Digər tərəfdən, qanunvericilik soyadların dəyişdirilməsilə bağlı da məsələləri tənzimləyir. 18 yaşına çatmış hər bir şəxs öz soyadını dəyişdirə bilər, lakin yetkinik yaşına çatmayanların soyadının dəyişdirilməsi valideynlərin icazəsi ilə icra olunur. 10 yaşına çatmış şəxsin adının, soyadının dəyişdirilməsilə bağlı məsələdə onun öz razılığı olmalıdır.

Bir də soyad sonluğunun dəyişdirilməsi zamanı valideynlərdən birininki dəyişdirilirsə, övladlarının da soyad sonluğu dəyişdirilə bilər. Şəxs 10 yaşına çatıbsa, özünün razılığı olmalıdır. Soyad sonluğunun ikinci dəfə dəyişdirilməsinə icazə verilmir”.
 
Ə.Nuriyevin sözlərinə görə, aşağıdakı hallarda ata adının dəyişdirilməsi mümkündür: 

“-Əgər valideynlərdən biri və hər ikisi adını, soyadını, ata adını dəyişdiribsə, onda yetkinlik yaşına çatmayanların da doğum haqqında aktının qeydiyyatında bu barədə valideyn tərəfindən məlumat verilməklə dəyişikliklər edilir.

- Övladlığa götürmə zamanı övladlığa götürən valideyn qismində öz adını verirsə, o zaman uşağın da doğum haqqında aktında müvafiq dəyişikliklər baş verir.

- Atanın öz adının dəyişdirilməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının da atasının adı dəyişdirilir. Əgər uşaqlar yetkinlik yaşına çatıblarsa, bu zaman ata adının dəyişdirilməsi üçün onlar özü müraciət edə bilərlər”.
 
Ata adının dəyişdirilməsinin qadağan olduğu hallara gəlincə, hüquqşünas bunları qeyd edib:

“Bəzi hallarda adların dəyişdirilməsində məhdudiyyətlər var. Əgər şəxs hər hansı cinayətdə təqsirləndirilirsə, şübhəli olduğu müddətdə ad, soyad, ata adının dəyişdirilməsinə icazə verilmir. Bu, cinayətdən yayınma halları kimi qiymətləndirilə bilər. Həmçinin, barəsində tibbi xarakterli məcburetmə tədbirləri seçilirsə, bu zaman adının, soyadının dəyişdirilməsinə yol verilmir. Qanun bunu da qadağan edir. Bunda əsas məqsəd həmin şəxslərin gələcəkdə identifikasiya etməsi xarakteri daşıyır. Eyni zamanda, cinayətdən, məcburi müalicədən yayınmasının qarşısını alır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi