Azərbaycanda beynəlxalq humanitar forum başladı

azerbaycanda-beynelxalq-humanitar-forum-basladi
Oxunma sayı: 639

APA-nın məlumatına görə, forumda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Forumun açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin müraciəti oxunacaq, UNESCO-nun baş direktoru xanım İrina Bokovanın video müraciəti səslənəcək, İSESCO-nun baş direktoru Abdulaziz əl-Tüveycri çıxış edəcək.

Sabah isə forum çərçivəsində aşağıdakı istiqamətlər üzrə dəyirmi masalar təşkil olunacaq: “İqtisadi inkişaf modellərinin humanitar aspektləri”, “Müasir KİV və təhdidlər”, “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, “Multikulturalizm və mədəni özünüdərk”, “Cəmiyyət həyatında multikulturalizm”.

Forumun çərçivəsində Bakı bəyannaməsi qəbul olunacaq. Foruma dünyanın 100-ə yaxın ölkəsindən 600-ə qədər nümayəndə qatılacaq. Onların sırasında 10-dan artıq Nobel mükafatı laureatı, 15-dən artıq keçmiş prezident, müxtəlif ölkələrin hökumət rəhbərləri, nazirləri, elm-təhsil və mədəniyyət sahəsində çalışan tanınmış dünya xadimləri, o cümlədən digər sahələrin mütəxəssisləri var.

Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

2010-cu ilin Forumunun təşəbbüsçüləri Azərbaycanın Prezidenti İlham Əliyev və onun həmkarı, Rusiyanın sabiq prezidenti Dmitri Medvedev olub.