Azərbaycanda dəyişikliklər: inqilab, yoxsa təkamül yolu?

azerbaycanda-deyisiklikler-inqilab-yoxsa-tekamul-yolu-
Oxunma sayı: 1446

1994-cü ildə Qərb şirkətlərinin iştirakı ilə Bakıda imzalanan neft kontraktı gələcək iqtisadi perspektivin uğurlu olacağına müəyyən ümidlər yaradırdısa, siyasi münasibətlər sistemində elə bir irəliləyiş nəzərə çarpmırdı. 1990-cı illərin ortalarına doğru Azərbaycanda nisbi siyasi sabitliyə nail olunsa da, bu amil dərin siyasi, iqtisadi və hüquqi islahatlara təkan vermədi.

Azərbaycanda 1995-ci ildən keçirilən parlament seçkilərindən bu yana məğlubiyyətə uğrayan tərəf seçkinin nəticələrini tanımayıb. Sivil və demokratik ölkələrdən fərqli olaraq, Azərbaycanda seçkinin nəticəsi ciddi toqquşmasız ötüşməyib, məğlub olan qalibi təbrik etməyib, əksinə, vətəndaşları müqavimətə səsləyib. Çünki bu illərdə bir-birini əvəz edən seçkilərin şəffaflığı və ədalətliyi həm daxildə, həm də xaricdə mübahisə predmetinə çevrilib. Nəticədə seçki institutunun özü deformasiyaya uğrayıb, əhalinin seçki yolu ilə nəyisə dəyişmək inamı azalıb. 2010-cu ilin noyabrında keçirilən son parlament seçkisi isə müxalif fikrin, ümumiyyətlə, qanunverici orqandan kənarlaşdırılması ilə yekunlaşıb.
2011-ci ilin yanvar ayında Tunisdə insanlar küçəyə axışaraq prezident Ben Əlinin istefasını tələb etdikdə, bir ölkəni əhatə edən bu olayın böyük qitəni cənginə alacaq inqilabi dəyişikliklərin başlanğıcı olacağını proqnozlaşdırmaq çətin idi. Tunis prezidenti ölkəni tərk etdikdən sonra Misir qaynamağa başladı və ardı gəldi – Liviya, Yəmən, Bəhreyn, Suriya.

Baş verən dəyişikliklərdə qloballaşan dünyada sosial şəbəkələrin oynadığı rolu önə çəkməklə yanaşı, avtoritar rejimlərin məntiqi sonunun çatdığını, bu rejimlərin daxilən tükəndiyini vurğulamaq mümkündür. Bu gün “ərəb dominosu” adı verilən inqilabi dəyişikliklər artıq Azərbaycana qonşu olan İrana dirənib. Proses müəyyən müddətdən sonra səngisə belə, başda ABŞ olmaqla Qərb dövlətlərinin demokratiya və insan haqları prinsiplərini getdikcə daha geniş məkana yaymaq istəkləri azalmayacaq. Qərb dövlətləri demokratiyaya söykənən daha təhlükəsiz və sabit dünya çalışmalarında Avropa Birliyi, ATƏT və AŞPA kimi qurumlardan daha çox yararlanacaqlar.
Tunisdə, ardından Misirdə avtoritar rejimlərə qarşı küçə nümayişləri başladıqda, bu olaylar Azərbaycanın müxtəlif sosial təbəqələrində də ciddi müzakirə predmetinə çevrildi. Sosial şəbəkələrdə müzakirəsi başlanan olaylar daha sonra dəyirmi masa və konfranslara inikas olundu, müxalifət içində bir canlanma müşahidə edildi. Bunun nəticəsi kimi bir qrup gənc sosial şəbəkə vasitəsilə 11 martı “Xalq günü” elan etdi, bir gün sonra isə Müsavat Partiyası tərəfdarlarını küçə yürüşünə səslədi.

Korrupsiya ilə mübarizə: həqiqi istək, yoxsa imitasiya?

Ərəb ölkələrindəki olaylar tədricən Azərbaycanın hakimiyyət dairələrini də narahat etməyə başladı. 27 yanvar tarixində dövlət başçısı İlham Əliyevin xüsusi tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirdi. Ramiz Mehdiyev toplantıda bunları bildirdi: “Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır”.
Beləliklə, buna qədər ölkədə böyük miqyasda korrupsiya və rüşvətin olduğunu inkar edən, beynəlxalq təşkilatların bu haqdakı hesabatlarını diqqətə almayan hakimiyyət özü problemin varlığını etiraf etmək məcburiyyətində qaldı. İlham Əliyev problemin varlığı haqqında cəmiyyətə açıq mesaj verərək, toplantıların birində korrupsiya və rüşvətin Azərbaycan üçün ləkə olduğu fikrini dilə gətirdi. Bundan sonra prezidentin fərmanı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qurumdakı prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırıldı.
Dünya təcrübəsindən də bəllidir ki, korrupsiya və rüşvətə qarşı iki yolla mübarizə aparmaq mümkündür: birincisi, instutisional islahatlar həyata keçirməklə, ikincisi, “Rüşvət almaq qadağandır” kimi əmr və fərmanlar yolu ilə. Azərbaycan hakimiyyəti hələ ki, ikinci yola üstünlük verib. Bir günün içində dövlət idarələrində, icra və bələdiyyə strukturlarında, xəstəxanalarda əhalidən qeyri-qanuni pul tələb olunması qadağan edildi. Nazirliklərdə ikinci maaş kimi verilən zərflər ortadan qaldırıldı. Vergi və gömrük idarələrinin, yol polisinin vətəndaşlarla maliyyə zəminində təmaslarını minimuma endirmək məqsədilə kart sisteminə keçildi. Bu arada, nazirlik, dövlət idarələri və xəstəxanalarda vətəndaşlardan rüşvət almaq ittihamı ilə bir qrup işçi tutduğu vəzifədən azad edildi, bəziləri haqqında isə cinayət işi açıldı.
Əlbəttə, bütün bu addımlar uzun müddətdir bir qrup məmur, həkim və müəllimlərin qanunsuz tələbləri ilə üzləşən vətəndaşların həyatlarını bir qədər rahatlatmalı idi. Ancaq kiçik miqyasda rüşvətlə mübarizə problemin köklü olduğunu biruzə verdi.
Vətəndaşlar maaşla dolanmaq istəməyən məmurların, həkimlərin və məhkəmə strukturlarında çalışanların bu dəfə də süründürməçi tələbləri ilə üz-üzə qalıblar. Rüşvəti tədricən bürokratik süründürməçilik əvəz etməyə başlayıb. Başqa sözlə, vətəndaşdan rüşvət almağa risq etməyən böyük bir təbəqə vaxtı uzatmağa üstünlük verir. Bir sıra hallarda dövlət xəstəxanaları xəstələri qəbul etməyə, məhkəmələr isə şikayətləri araşdırmağa həvəsli deyillər. Bu qurumlar sanki geri - əvvəlki sistemə qayıdışı gözləyirlər. Məmurların və həkimlərin maaşlarının artırılması da problemi həll etmir. İllər boyu zərflərə, qeyri-qanuni gəlir mənbələrinə öyrəşən təbəqənin cüzi maaşla dolanması problematikdir. İqtidarın maaşların yüksək artımına yaşıl işıq yandıracağı isə mümkün görünmür. Əks halda, inflyasiya görünməmiş həddə çata bilər. Bu baxımdan Azərbaycanda ciddi struktur islahatlarına, mövcud dəyərlərin dəyişdirilməsinə ehtiyac var.
İlham Əliyev çıxışlarının birində korrupsiya və rüşvətlə mübarizə ilə yanaşı, süni inhisarçılığa qarşı mübarizənin vacibliyinə də toxunub. Ancaq müxtəlif idxal və ixrac əməliyyatlarına nəzarət edən oliqarxik qrupların neytrallaşdırılması istiqamətində addımlar müşahidə olunmur. Əks halda, Azərbaycanda ərzaq məhsullarının ucuzlaşmasının şahidi olardıq. Müstəqil hesablamalara görə, Azərbaycanda son 4 ildə ərzaq məhsullarının qiyməti orta hesabla 72,1% artıb.
Ərzaq məhsullarının bahalaşmasının bir sıra qanunauyğun və süni səbəblərini vurğulamaq lazım gəlir. Ancaq bahalaşmaya yanacağın qiymətlərinin artması, dünya maliyyə böhranı, idxal qiymətlərinin dəyişməsi kimi qanunauyğun amillərlə yanaşı, süni inflyasiya, inhisarçılıq, qeyri-rəsmi ödəmələr və s. kimi süni amillər də təsir edir.
Məşhur “Gallup” mərkəzinin aprelin 20-də açıqladığı sorğunun nəticələri də maraq doğurur. Mərkəz 124 ölkədə yerli sakinlərdən xahiş edib ki, onlar öz yaşayışlarının indiki durumuna və yaxın 5 ildən nə gözlədiklərinə qiymət versinlər. “Gallup” cavabları 3 yerə bölüb - həyatını çiçəklənən, yəni gündən-günə daha da yaxşılaşan hesab edənlər, yaşayış uğrunda mübarizə aparanlar və əzab çəkənlər. Bunun əsasında “Gallup”un hazırladığı “Rifah” hesabatına görə Azərbaycanda əhalinin cəmi 10 faizi hesab edir ki, onların həyatı çiçəklənir, 70 faiz yaşamaq uğrunda mübarizə apardığını bildirib. Həyatının əzab olduğunu düşünənlər isə 20 faizdir. Müqayisə üçün deyək ki, Ermənistanda həyatını çiçəklənən hesab edənlər Azərbaycandan çoxdur. Ermənistanda belə düşünənlər 12 faizdir. Həyatından razı olanların 10 faizi ilə Azərbaycan Qana, Bosniya, Makedoniya, Gürcüstan, Zimbabve, Nepal, Mərakeş kimi ölkələrlə qonşudur.
Azərbaycan hakimiyyətinin iqtisadiyyatda şəffaflığa yönəlik son addımlarını sırf ərəb dünyasında baş verən proseslərlə əlaqələndirmək də doğru olmazdı.
Dünya Bankı ilə Azərbaycan hökuməti 2010-cu ilin oktyabr ayında ortaq layihənin təqdimatını keçiriblər. İctimaiyyətdən məxfi saxlanan 4 illik proqramda islahatların sürətləndirilməsi, antikorrupsiya, şəffaflıq, sahibkarlığın, azad iqtisadiyyatın inkişafı kimi müddəalar yer alıb. Proqramda 4 il müddətində nələrin nəzərdə tutulduğu yazılıb. Azərbaycan hökumətinə bu strateji işi həyata keçirmək üçün 1 milyard dollar vəsait ayrılıb. Odur ki, elə bu layihənin icrası baxımından da hakimiyyətin geriyə yolu yoxdur. Cin şüşədən çıxıb. Antikorrupsiya siyasətinin sürəti azala bilər, ancaq prosesin tamamilə dayandırılması problematikdir.

Beynəlxalq aləmin ilk xəbərdarlıq ismarıcları

Ərəb dünyasındakı olaylar Azərbaycan müxalifətini hərəkətə gətirib. Müxalifət hakimiyyətin ciddi islahatlara baş vurmasını, demokratik parlament seçkilərinin keçirilməsini tələb edir. Əsas müxalifət partiyalarının, ayrı-ayrı fəalların bir araya gəldiyi İctimai Palata ilk birgə mitinqini aprelin 2-də təşkil etdi. Hakimiyyət şəhərin mərkəzi hissələrinin heç bir yerində mitinqə icazə vermədiyindən İctimai Palata Fəvvarələr meydanında icazəsiz mitinq keçirməyə qərar verdi. Toqquşmanın baş verəcəyi qaçılmaz idi. Buna görə də aksiyadan öncə Azərbaycan hakimiyyətinə beynəlxalq aləmdən xəbərdarlıq ismarıcları ünvanlandı.
Avropa Şurasının Baş katibi Tyornborn Yanqland prezident İlham Əliyevə yazdığı məktubda Azərbaycanda siyasi debatlarda plüralizm, ifadə və sərbəst toplaşma azadlıqlarına riayət olunması ilə bağlı narahatlığından söz açdı. O, iki məqamın üzərində xüsusi dayandı. Birincisi, Azərbaycanda sərbəst toplaşma azadlığına qarşı məhdudlaşdırıcı yanaşma aradan götürülməlidir. İkincisi, həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarı yerinə yetirilməlidir. İqtidar beynəlxalq aləmə uzun müddət müqavimət göstərdikdən sonra ikinci tələbi yerinə yetirmək məcburiyyətində qaldı.
Hakimiyyətə ikinci mesaj fəaliyyətinə yeni başlayan ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzadan gəldi. Avropa Şurasının Baş katibi kimi amerikalı diplomat da Azad Fikir Universitetində çıxışı zamanı iki fikri ilə yadda qaldı.
Brayzanın birinci fikri: “Müzakirələr açıq şəkildə baş verməsə, onlar qapalı məkanlarda davam edəcək və qapalı məkanlarda konstruktiv düşünən insanlar öz fikirlərini bölüşə bilməyəcək və onların dəlilləri eşidilməyəcək”.
Brayzanın ikinci fikri: “Misirin keçmiş prezidenti Hüsnü Mübarək dünya ictimaiyyəti qarşısında iki seçim qoymuşdu: ya onun güclü avtoritar hakimiyyəti, ya da fundamental İslam ekstremizmi. Bu iki ssenari Azərbaycan üçün uyğun deyil və istənilməzdir. Biz ümid edirik ki, Azərbaycan üçüncü yolu - qızıl ortanı seçəcək: bu da liberal-demokratiyadır. Bizə demokratik və stabil Azərbaycan lazımdır”.
Metyu Brayzanın diplomatik tərzdə deməyə çalışdığı fikirləri sadə dillə belə ifadə etmək olar: “İnsanları düşüncələrinə, yazdıqlarına görə sıxışdırmayın. Əks halda, Misirdə baş verənlərin Azərbaycanda təkrarlanması ehtimalı artacaq və bundan radikal İslamçı elementlər istifadə edə bilərlər”.

Dövlət Departamenti və Avropa Birliyi rəsmi Bakını üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırır

Polis 2 aprel aksiyasını dağıtdıqda Dövlət Departamenti, Avropa Birliyi və ATƏT-in reaksiyaları özünü çox gözlətmədi. ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Bilge Cankorelin də 2 aprel aksiyasının dağıdılmasına reaksiyasi mənfi oldu. O, açıqlamasında “ümumi sayı 1000 nəfəri ötməyən bir toplantı zamanı 174 nəfərin saxlanması həddən artıq böyük rəqəmdir” ifadəsini dilə gətirdi. Səfir ATƏT-in Bakı Ofisinin insanların azad toplaşma və ifadə azadlığı kimi hüquqlarından istifadə etməsinə böyük önəm verdiyini bildirdi.
Azərbaycanda gərginlik artarkən, ABŞ Dövlət Departamenti aprelin 8-də dünyada insan haqlarının durumuna dair növbəti illik hesabatını yayıb. Əvvəlki illərdə olduğu kimi, bu il də hesabatın Azərbaycana aid hissəsində insan haqlarının bütün kriteriyalar üzrə pisləşdiyi vurğulandı. Sənədə əsasən, Azərbaycanda fundamental insan haqları bütün kriteriyalar üzrə pozulmaqdadır. Buraya söz və mətbuat, sərbəst toplaşma, seçkilər, dini etiqad azadlığı, əmək hüquqları, qadın haqları və digər hüquqlar daxildir. Dövlət Departamenti bildirir ki, Azərbaycanda vətəndaşların hakimiyyət dinc yolla dəyişmək imkanları əllərindən alınıb. Ədliyyə və hüquq-mühafizə orqanlarında korrupsiya qalır. Media və siyasi fəaliyyətlərə məhdudiyyətlər daha da sərtləşdirilib.
Hesabatda hakimlərin müstəqil fəaliyyət göstərə bilməməsi, ədliyyə sisteminin korrupsiyalaşmış və qeyri-effektiv olaraq qaldığı göstərilir. Siyasi məhbusların dəqiq sayı müəyyən deyil. Onların çoxu 10 və 15 il azadlıqdan məhrum edilib.
Hesabatda 7 noyabr parlament seçkilərinin demokratik seçki haqda beynəlxalq standartlara cavab vermədiyi də vurğulanıb. İqtidarda olan Yeni Azərbaycan Partiyası siyasi sistemdə dominantlıq edir. Müxalifət üzvləri rəsmilər tərəfindən başqa vətəndaşlara nisbətən daha çox təhqir olunur və qanunsuz həbslərlə qarşılaşırlar. Müxalifət hakimiyyətin qoyduğu məhdudiyyətlər səbəbindən icazəli kütləvi aksiya keçirə bilmir. İcazəsiz aksiyalara çıxanlar isə polis tərəfindən saxlanır. Hesabatda deyilir ki, sərbəst toplaşmaq, fikir və birləşmək azadlıqlarına qoyulan məhdudiyyətlər insanların öz hökumətlərini dinc seçkilər yolu ilə dəyişmək imkanlarını ciddi şəkildə azaldır.
Bakı ilə Brüssel arasında sıx dialoqa start verildikdən sonra Avropa Birliyi də Azərbaycandakı durumu diqqət mərkəzində saxlamağa başlayıb. Avropa Birliyi ilk öncə Azərbaycanda fundamental azadlıqlara hörmətlə yanaşma sahəsində çatışmazlıqların davam etməsindən narahatlığını vurğulayıb. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən yayılan sənəddə aprelin 2-də keçirilən dinc nümayişin sistemli şəkildə dağıdıldığı, çox sayda iştirakçıların saxlanıldığı və lazımi hüquqi müdafiə olmadan dərhal inzibati cəza aldıqları qeyd olunub. Jurnalistlərin peşələri ilə sərbəst məşğul olmaq hüquqlarına zəmanət verməyə və onların fəaliyyəti üçün təhlükəsiz şərait yaratmağa çağıran sənəddə “Azadlıq” qəzetinin müxbirləri Seymur Həziyevin martın 26-da və Ramin Dekonun aprelin 4-də naməlum şəxslər tərəfindən qəddarlıqla döyülməsindən narahatlıq ifadə edilib.
Avropa Birliyi 18 aprel aksiyasının dağıdılmasına da eyni reaksiyanı verib. Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarlıq Azərbaycanda sərbəst toplaşma və ifadə azadlığı ilə bağlı son hadisələrdən narahatlığını ifadə edərək Azərbaycan rəsmilərini münasib yerlərdə dinc nümayişlər keçirməyə icazə verməyə, demokratiya və insan haqları sahəsində öhdəliklərinə hörmət etməyə çağırıb. Bu arada, Avropa Parlamenti Azərbaycandakı vəziyyətə dair sərt qətnamə qəbul edildi.
Azərbaycan rəsmiləri həm Avropa Birliyinin bəyanatını, həm də Avropa Parlamentinin qətnaməsini sərt tənqid etdilər. Rəsmi Bakı bu bəyanat və qətnamələrdə vurğulananları araşdırmaq əvəzinə sənədlərin qəbulunun arxasında məkrli məqsədlər axtarmağa həvəslidir. Halbuki, Avropa Parlamentinin daha öncəki qətnaməsində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərşivəsində həllinin vacibliyi vurğulananda rəsmi Bakı bu sənəddən xeyli məmnun qalmışdı. Avropa Parlamentinin başçısı Buzek bölgəyə səfərində eyni ilə Azərbaycanın ərazi bütövlüyünə tərəfdar çıxarkən, Bakının insan haqları və demokratiya sahəsindəki islahatları da sürətləndirməsi gərəkliyini bildirdi.
Azərbaycanın daima Avropa Birliyinin tənqidlərinə məruz qalması ikili münasibətlərə mənfi təsir edə bilər. Avropa Birliyi ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi Azərbaycanın gələcək inkişaf konturlarını müəyyənləşdirir. Azərbaycan birliyin Şərq Tərəfdaşlıq Proqramının üzvüdür və hazırda bu çərçivədə əməkdaşlıq istiqamətləri ətrafında danışıqlar davam edir. Məsələ burasındadır ki, qurumun tərəfdaşlarla önəm verdiyi əməkdaşlıq istiqamətlərindən başlıcası demokratik institutların inkişafı və insan haqlarının qorunması sayılır. Bu istiqamətlərdə irəliləyişə nail olmadan Avropa Birliyi ilə ümumi əməkdaşlığın inkişafından danışmaq çətindir.
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bu il yanvarın 13-də Azərbaycana səfəri zamanı İlham Əliyevlə iki memorandum imzalamışdı. “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair anlaşma memorandumu” və “Azərbaycan Respublikası və Avropa Komissiyası arasında hərtərəfli institusional quruculuq proqramının çərçivə sənədi üzrə anlaşma memorandumu” Azərbaycanla Avropa Birliyi arasındakı məsafəni qısaltmağa xidmət etməlidir. Avropa Birliyi ilə imzalanan İndikativ Proqram o deməkdir ki, Azərbaycan siyasi və iqtisadi islahatları dərinləşdirdikcə, demokratik institutları inkişaf etdirdikcə Avropaya daha çox yaxınlaşacaq, əks halda, bu prosesdə Gürcüstan, hətta Ermənistandan da geri qala bilərik.
Rəsmi Bakını Avropa Birliyinin tələb etdiyi islahatları sürətləndirməyə məcbur edən bir başqa səbəb də meydana çıxıb. Azərbaycan 2012-ci ilin may ayında «Eurovision» yarışmasına ev sahibliyi edəcək. Avropa bu kimi mötəbər tədbirin insan haqlarına və demokratiyaya hörmət edən, Avropaya sözdə deyil, əməldə inteqrasiya olunmaq istəyən dövlətdə gerçəkləşməsində maraqlıdır. Buna görə də bu birildə Avropanın gözü və qulağı Azərbaycanda olacaq. Zəruri islahatlara meylli olduğumuzu Avropaya sübut etməyin yolu həbsdə olan siyasi məhbusların, mitinqlərə qatılanların sərbəst buraxılmasından, iqtidar-müxalifət dialoqundan, mitinqlərə qadağanın ortadan qaldırılmasından keçir. Ən azı bu sadalananlar yaxın bir ildə həll edilməlidir ki, «Eurovision» yarışması həqiqətən Azərbaycanın müsbət imicinə işləsin.
Bu istiqamətdə köklü dəyişikliklər olmazsa, Azərbaycanda keçiriləcək musiqi yarışması ilə bərabər bizə yenə köhnə problemlərimizi xatırladacaqlar. Bu isə növbəti dəfə Azərbaycanın imicinin əleyhinə işləyəcək.Bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin başçısı Roland Kobianın «Eurovision»dakı qələbə ilə bağlı yaydığı açıqlamada sübut edir. Kobia açıqlamada Azərbaycan xalqını təbrik etməklə yanaşı, zəruri əlavəsini də unutmayıb: «Mən əminəm ki, 2012-ci ildə bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətinin ölkəyə cəlb edilməsi baxımından əlamətdar hadisə olacaq. Bu, Azərbaycan cəmiyyətinin qəti və radikal şəkildə müasirləşdiyini dünyaya göstərmək üçün gözəl fürsətdir».
Yerdə qalır ələ düşən bu fürsətdən istifadə etmək.
Azərbaycanın dərin siyasi, iqtisadi, sosial və hüquqi islahalatlara ehtiyacı var. Ərəb dünyasında baş verən olaylar göstərir ki, hakimiyyət və maliyyə resursları bir əldə cəmləşdikcə, həmin dövlətdə rüşvət və korrupsiya da geniş vüsət alır, demokratiya və insan haqları da kütləvi şəkildə pozulur. Bunun sonu isə, göründüyü kimi, inqilablara, toqquşmalara və son nəticədə “nisbi sabitliyin” pozulmasına gətirib çıxarır. Bütün bunların Azərbaycanda baş verməməsi və zəruri dəyişikliklərin təkamül yolu ilə həyata keçirilməsi üçün imkanlar hələ tükənməyib.

“Atlas” Araşdırmalar Mərkəzi