Azərbaycanda dini portal fəaliyyətə başladı

azerbaycanda-dini-portal-fealiyyete-basladi
Oxunma sayı: 675

Din.az portalının yaranma səbəbi haqqında «Qafqazinfo»ya məlumat verən saytın rəhbəri tanınmış ilahiyyatçı Elşad Miri portalın yaranma səbəbini belə izah etdi: «Azərbaycan əhalisinin yarıdan çoxunun internetdən istifadə etməsi, sosial şəbəkələrdəki vətəndaşlarımızın sayının yüz minlərlə olması, ağıllı telefon adlandırılan smartfonlara tələbatın artması, yazılı mətbuatın tirajının isə əksinə olaraq azalması, dünyanın istənilən yerinə gedib çıxa bilməməsi saytlara olan ehtiyacı artırır. Bizi bu portalı ərsəyə gətirməyə məcbur edən də bu səbəblərdir».

Ölkədə müxtəlif dini məzmunlu saytların bol olduğu ərəfədə belə bir portalı yaratmağa sizi nə vadar etdi sualının cavabında Elşad Miri bildirdi ki, ölkədə mövcud olan dinlə bağlı saytların çox olmasına və çoxalmasına baxmayaraq onlar bu sahədə mövcud olan boşluğu doldura bilmir. Bunun da konkret səbəbləri var: Dinlə bağlı bəzi saytlar müəyyən qrupların, şəxslərin və ya hansısa ölkələrin sifarişi ilə qurulur. Bu saytlar maliyyə ilə bağlı çalışırlar. Burada səmimiyyət deyil, əsas mənfəət olur. Bəzən bu saytlar din adı altında dini maarifləndirmədən başqa hər şeylə məşğul olurlar. Bəzən dini qarşıdurma, bəzən də məzhəb ayrı-seçkiliyi, yaxud mövhumat və xurafat yaymaqla işlərini qururlar. Başqa səbəb də həmin saytların mütəmadi olaraq yenilənməməsi, gündəmdən geridə qalması kimi amillərdəndir. Biz bütün bunları və şəxsən mənə gələn mesajları nəzərə alaraq yeni portalı qurmağa qərar verdik.

İlahiyyatçı Mirinin sözlərinə görə din.az mobil portal kimi fəaliyyət göstərəcək. Portalın dizaynından da göründüyü kimi burada müxtəlif sahələr haqqında ətraflı və mütəmadi məlumatlar veriləcək.

Elşad Miri söhbət zamanı portalın ictimai sifariş olduğunu, insanlar bu cür saytı onun rəhbərliyi ilə oxumaq istədiklərini bildirirdilər: «Mən də öz vaxtımın bir hissəsini aylıq çap etdirdiyim dini «Dəvət» jurnalı ilə yanaşı, bu portala da zəkat olaraq həsr etmək qərarına gəldim».

Əsas məqsədlərinin insanları dini sahədə maarifləndirmək, mövhumatdan və xurafatdan çəkindirmək olduğunu bildirən Elşad Miri son vaxtlar onun haqqında yazılan bəzi köşə yazıları ilə bağlı isə bunları bildirdi: «Mənim işim iş görmək, onların işi də görülən iş haqqında tənqid edərək yazmaqdır. Vaxtımı bu cür yazı cızma qara edənlərə həsr etsəm, gərək heç bir iş görməyəm. İş görməyənlər barədə isə yazı yazmırlar. Mən istəyərdim ki, həmin köşə yazarları yazı arıları kimi yazarlıqlarını davam etdirsinlər ki, insanlar ballarından faydalana bilsinlər, başqa həşaratlar kimi olmasınlar ki, ürək də bulandırmasınlar».

Onun sözlərinə görə portalla bağlı bəzi çətinliklər də var: «Portalda çalışmaq üçün ilahiyyatçılara ehtiyacımız var. İlahiyyatçılarımızın sayı artsa da, bu sahədə işləyəcək, yazacaq ilahiyyatçı qıtlığı yaşayırıq. Bu çətinliyi aradan qaldırmaq üçün müəyyən şərtlərlə bu sahəyə bələd olan jurnalistlərlə də əməkdaşlıq edəcəyik».

Portalın ömrü ilə bağlı suala isə, Mirinin cavabı qeyri-adi oldu: «Biz çalışırıq və işlərimizi elə qururuq ki, bu portalın və başqa gördüyümüz işlərin ömrü bizim ömrümüzdən çox olsun. Çünki belə olan təqdirdə, arzumuza, duamıza çatmış olacağıq. Çünki, bu işlər sayəsində Allah əməl dəftərimizi bizdən sonra da açıq saxlayacağını ümid edirik».

Din.az portalının rəhbəri gələcək planlarının çox olduğundan bəhs etdi. Miri qeyd etdi ki, inşəAllah yaxın vaxtlarda çox gözəl yeniliklər edəcəyik. Hətta bu yenilikləri –Allahın köməyi ilə- ölkəmizdə ilk dəfə biz həyata keçirəcəyik. Hazırda bu sahədə dünyanın müxtəlif ölkələrinin mütəxəssisləri ilə danışıqlarımız davam edir. İnşəAllah bu məqsədlərinə nail olan kimi bunu da ictimaiyyətə elan edəcəklərini dedi.