Azərbaycanda dini sahədə açıq savaş

azerbaycanda-dini-sahede-aciq-savas
Oxunma sayı: 1750



Xatırladaq ki, ilk məlumatlar sələfi ruhanilər Qamət Süleymanov və Əlixan Musayev arasında qarşılıqlı ittihamlarla dolu bəyanatlardan sonra yayılmağa başladı. KİV-lərə müxtəlif ünvanlardan Q.Süleymanov və Ə.Musayev barəsində ittihamlarla dolu məlumatlar göndərildi, sosial mediaya xüsusi hazırlanmış videolar yerləşdirilməyə başladı. Ancaq ötən həftə QMİ sədri Allahşükür Paşazadənin Suriyaya savaşa gedən azərbaycanlılarla bağlı fətvasından sonra kompromatların radiusu bir qədər də genişlənib. QMİ rəhbərliyi, o cümlədən ayrı-ayrı ruhanilər, icma rəhbərləri hədəfə alınmağa başlayıb. 

Bu məlumatların yayılmasında qəribə bir sistem hiss olunur. Məsələ burasındadır ki, son bir həftədə radikal dini fəaliyyətlər və ümumiyyətlə, dini cameədə baş verənlərə münasibət bildirən hər bir şəxs dərhal hədəfə gəlir. Əvvəlcə müxtəlif mənbələrdən Q.Süleymanov və Ə.Musayevi hədəfə alan ayrı-ayrı materiallar (bu cür məlumatlar hələ də göndərilməkdə davam edir - red.) dövriyyəyə buraxıldı. Daha sonra şeyx məlum fətvasını verdikdən sonra özü və onun ətrafı hədəfə alındı. QMİ sədrinin ərəb ölkələri, ayrı-ayrı şəxslərlə gizli əlaqələri, rüşvət alması kimi iddiaları detalları ilə ortaya atıldı. Daha sonra ayrı-ayrı icmalar, məscid imamları haqda, o cümlədən nur camaatı ilə bağlı məlumatlar yayılmağa başladı. Ruhani Hacı Şahin Həsənlinin Suriyaya savaşa gedənləri tənqid etməsindən sonra saytlara onun barəsində də məlumatlar ötürüldü. 
Maraqlıdır ki, artıq kompromat savaşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də çatıb. Komitənin radikal dini cərəyanlar mövzusunda fəallıq göstərməsi, ölkə daxilində radikal dini qruplara qarşı təbliğat kampaniyası başlatması və nəhayət, ötən gün komitə sədrinin yerli telekanallara müsahibə verərək radikal cərəyanları tənqid etməsindən sonra hədəflər sırasına komitə də düşüb. 

Xatırladaq ki, ötən gün ATV kanalına müsahibəsində komitə sədri Elşad İskəndərov bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlətinin zəifliyindən, 1 milyon qaçqının olması kimi sosial problemlərdən istifadə edərək müxtəlif xarici cərəyanlar gəlib burada öz köklərini sala biliblər: “Onlar öz ideologiyalarının, təbliğatlarının toxumlarını Azərbaycanda artıq çoxdan səpiblər. Söhbət bütün müsəlman aləmi tərəfindən rədd edilən, məzhəbindən asılı olmayaraq buna mənfi yanaşılan təkfirçi dünyagörüşündən gedir”.
E.İskəndərov ictimaiyyətə çağırış edərək bu cür cərəyanlara qarşı mübarizəyə səsləyib: “Ona görə də ilahiyyatçılarımız, din xadimlərimiz bu dünyagörüşün yayılması ilə dini müstəvidə mübarizə aparmalıdırlar. Belə baxışların yayılmasına qarşı inzibati müstəvidə isə dövlət öz tədbirlərini görür və görəcək. Lakin digər tərəfdən, bu radikal dünyagörüşün daşıyıcıları, təkfirçi, radikal sələfi qruplarının nümayəndələri çox ciddi şəkildə təbliğat aparırlar və artıq bu istiqamətdə ixtisaslaşıblar”.

Ötən gün isə komitə barəsində bir-birinin ardınca bir neçə kompromat materiallar yayılıb. Bu materiallarda komitənin Sumqayıt bölməsinin rəhbəri Neman Əhədov, o cümlədən Bakı üzrə nümayəndə Nizami Hüseynov, Hacı Şahin Həsənli və Elçin Əsgərovun adları hallanır. Həmin materiallarda QMİ ilə komitə arasında mübarizə getdiyi iddia olunur, eyni zamanda komitə sədrinin QMİ-yə qarşı fəaliyyəti haqda bir sıra iddialar yer alır. Bundan başqa, Elşad İskəndərovun şeyxə qarşı mübarizə apardığı, QMİ sədrini gözdən salmağa çalışdığı iddia olunur. 

Qeyd edək ki, bu cür anonim mənbələrdən hər gün bir neçə bu tip məlumatlar yayılır. Məlumatların müxtəlif qrupları hədəf alması onu deməyə əsas verir ki, bu məlumatlar bir mərkəzdən deyil, bir neçə istiqamətdən göndərilir. Ancaq bütün bu məlumatların əsas hədəfinin ölkədə dini sahədə gərginliyi daha artırmaq, dindarlar arasında etimad, tolerantlıq mühitini zəiflətmək, gərginlik yaratmağa hesablanıb. Bundan başqa, media orqanlarına göndərilən materiallarda məhz radikal dini cərəyanlara qarşı çıxış edən din xadimlərinin hədəfə alınması (kiçik istisnalar xaric) kompromat savaşında məhz bu qrupların fəal olduğunu deməyə əsas verir. 

“Yeni Müsavat”