Azərbaycanda dispanserizasiya şousu

azerbaycanda-dispanserizasiya-sousu
Oxunma sayı: 2688




Movqe.az Bakı ətrafında əhalinin dispanserizasiyasının necə aparıldığını izləyib.  Saytın əməkdaşı səhər saat 9:10 radələrində Abşeron rayon Masazır həkim məntəqəsində dispanserizasiya ilə bağlı müşahidələr aparıb. Dispanserizasiya tədbirlərinin aparılması iki gündür ki başlasa da, Masazır qəsəbəsindəki həkim məntəqəsində məktəblilərdən başqa pulsuz tibbi müayinə və müalicə üçün gələnlərin barmaqla sayılacaq qədər az olduğu müşahidə edilirdi. Sakinlərlə söhbət zamanı bəlli olub ki, məntəqədə ultrasəs (UZİ) aparatından başqa müayinə aparatı olmadığından, sakinlər pulsuz müayinəyə elə də maraq göstərmirlər: "Burda müayinə aparatlarından ancaq UZİ var. Qan analizinin aparılması, rentgen və digər müayinələr aparılmır. Ona görə də, camaat pulsuz olsa da müayinəyə gəlmir”. 
Sahə məntəqəsində olarkən dispanserizasiya prosesinin necə aparıldığının şəxsən şahidi olmaq üçün qeydiyyata düşdük. Amma qeydiyyat otağında da bizə yalnız həkim müayinəsindən keçmək imkanının olduğunu söylədilər. Həkim müayinəsindən keçsək də, həkimin tövsiyyəsi ilə UZİ müayinəsindən keçə bilmədik. UZİ üçün göndərilən bütün xəstələr məntəqədə bu gün ultrasəs müayinəsindən keçməyin mümkün olmadığından şikayətlənirdilər. Onlarla söhbət zamanı öyrəndik ki, qəsəbəyə verilən  elektrik enerjisi kəsildiyindən gələn xəstələr UZİ-dən keçə bilmirlər: "Atalar demişkən "ayda ildə bir namaz, bunu da şeytan qoymaz”. İndi burda bircə UZİ aparatı var, o da işıqlar yanmadığından işləmir. Bayaqdan UZİ-yə göndərilən bütün xəstələr evlərinə geri dönüb”.

Yaranmış problemə aydınlıq gətirmək məqsədilə sahə məntəqəsinin baş həkimi Ziba Nuriyeva ilə görüşdük. Z. Nuriyeva qəsəbəyə verilən elektrik enerjisinin kəsilməsinin qəsəbə əhalisinin dispanserizasiyasının aparılmasına mane olduğunu söylədi: "İşıqlar bu qəsəbədə tez-tez kəsilir. Bizdə bircə UZİ aparatı var ki, dispanserizasiya üçün gələnləri müayinə edirik, o da elektrik enerjisi kəsildiyindən mümkün deyil. Naəlac xəstələri Abşeron Rayon Mərkəzi Xəstəxanasına göndəririk”.
Z.Nuriyeva 15 min 275 nəfər əhalisi olan qəsəbədə dispanserizasiyaya start verildiyi gündən cəmi 420 nəfərin gəldiyini söylədi. 

Qəsəbədən birbaşa yollanırıq Abşeron Rayon Mərkəzi Xəstəxanasına. Elə xəstəxananın qapısı ağzında dispanserizasiyadan keçmək üçün buraya gələn vətəndaşlarla söhbətləşirik. Həmsöhbət olduğumuz vətəndaşlardan çoxu yalnız terapevtin qəbulunda olduğunu, qan analizi, UZİ və digər müayinələrdən keçmədiklərini söyləyirlər: "Vallah bizi işdən göndəriblər. Amma burda  ancaq həkim müayinəsindən keçmişik. Qan analizi, UZİ, Rentgen və sair müayinələrdən keçmədik. Amma bizə kağız verdilər ki, siz dispanerizasiyadan keçmisiniz”.

Digər vətəndaş Mehdi isə icbari əhalinin dispanserizayaya cəlb olunmasının müsbət təşəbbüs olduğunu söylədi: "Əhalinin tibbi yoxlamadam keçirilməsi müsbət təşəbbüsdür. Paytaxtda bu iş çox yüksək səviyyədə aparılır. Bakı ətrafında isə aidiyyatı qurumlar işlərini düzgün qurmadıqlarından əhalinin tibbi müayinəsində problemlər yaranır”. 

Xəstəxanaya daxil olub əhalinin icbari dispanserizasiyasının necə aparıldığını müşahidə edirik. Burada sıxlıq olsa da, pulsuz müayinə və müalicə üçün xəstəxanaya üz tutanların əksəriyyəti həkim müayinəsi ilə kifayətlənərək geri dönmək məcburiyyətində qalırdı. Səbəb isə Xırdalan şəhərinə verilən elektrik enerjisinin kəsilməsi idi. Kliniki labarotoriya kabinetinə yaxınlaşaraq qan analizi üçün müraciət etsək də, bizə də hazırda qan analizi götürməyin mümkün olmadığını söylədilər. Kabinetdə əyləşən laborant xanım "camaatdan götürdüyüm qan əlimdə qalıb xarab olur, gedin işıq yananda gələrsiz deyib” bizi yola saldı. UZİ, Rentgen otağının qarşısında növbə gözləyən xəstələr də çarəsiz geri dönürdülər. Həmsöhbət olduğumuz vətəndaşlardan biri, Lalə adlı xanım bildirdi ki, onu dispanserizasiya üçün işdən göndəriblər: "Sağlamlığımda problemlər var. Həkim deyir,UZİ, Rentgen, qan analizi verməlisən. Amma işıqlar sönüb deyə mümkün deyil. Məndə bura gündə gələ bilmərəm axı. Ona görə bir kağız alıb işə qayıdıram”.

Xəstəxananın qaranlıq dəhlizindən keçib ikinci mərtəbədə baş həkimin qəbuluna yollanırıq. Burada xeyli gözlədikdən və Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədrilinin zəngindən sonra bizi qəbul etməyə razılıq verən baş həkimlə görüşürük. Mehriban Qaralova dispanserizasiya üçün müraciət edən bütün vətəndaşların terapevt qəbulunda olduqdan sonra dar ixtisaslı həkimlərin müayinəsindən keçdiyini söyləyir. M. Qaralovanın dediyinə görə, qeydiyyata alınan 2004 min əhalidən 4500 nəfəri icbari dispanserizasiyadan keçib: "Siz elektrik enerjisinin kəsilməsindən narahat olmayın. Biz işimizi davam etdiririk. Lazım olsa o xəstələri evlərində UZİ aparatını aparıb müayinə edərik”.   
M. Qaralova dünən icari dispanserizasiyadan keçən vətəndaşların əksəriyyətində arterial təyziq, sinir sisteminin müxtəlif dərəcədə pozulması kimi xəstəliklərin aşkarlandığını söylədi. Baş həkimlə sağollaşıb göndəriş əsasında qanın ümumi analizi, UZİ, Rentgen aparatlarından keçmək üçün aidiyyatı kabinetlərə yaxınlaşırıq. Amma burada aldığımız cavab vətəndaşların bayaq bizə söylədiklərindən heç nə ilə fərqlənmir: "Elektrik enerjisi kəsilib. UZİ, Rentgen aparatlarında müayinə aparmaq mümkün deyil. Qan analizini aparmaq da olmur. Gedin növbəti gün yaxınlaşın”.